Mavrikinin sabiq prezidenti: Gender bərabərliyinin təşviqi üçün inklüzivlik zəruridir
- 17 may, 2026
- 14:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Şəhər inkişafında gender bərabərliyi inklüziv şəhər məkanlarının və firavan cəmiyyətlərin yaradılmasında əsas rol oynayır.
"Report" xəbər verir ki, bunu Mavriki Respublikasının sabiq prezidenti, biomüxtəliflik sahəsində alim Əminə Qurib-Fakim Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində qadınlar assambleyasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, gender bərabərliyinin təşviqi üçün şəhər infrastrukturu və mühitinin inkişafını yenidən nəzərdən keçirmək, onları daha inklüziv etmək lazımdır: "Fakt budur ki, ətraf mühitin deqradasiyası, iqlim dəyişikliyi, təbii fəlakətlər və silahlı münaqişələr şəhərlərin və yaşayış məntəqələrinin həyat qabiliyyətinə təhlükə yaradır".
Ə.Fakim qeyd edib ki, 1975-ci ildən bəri qeydə alınan təbii fəlakətlərin, o cümlədən sunami, tropik siklonlar, zəlzələlər və daşqınların sayı dörd dəfə artıb: "On təbii fəlakətdən yeddisi iqlimlə bağlıdır. Buna baxmayaraq, şəhərlər iqtisadi, sosial və mədəni fəaliyyətin dinamik qovşaqları kimi çıxış edərək insan tərəqqisinin mərkəzləri olaraq qalır".
Mavrikinin sabiq prezidentinin sözlərinə görə, şəhərlərin neytral məkanlar olmadığını qəbul etmək vacibdir: "Onlar həm mövcud bərabərsizliyi qoruya, həm də ona meydan oxuya bilərlər".
Ə.Fakim, həmçinin vurğulayıb ki, ailələrə, icmalara, şəhərlərə və regionlara gender prizmasından yanaşmaq həm təfəkkürdə, həm də fəaliyyətdə radikal dəyişikliklər tələb edir: "Qadınlar bir qayda olaraq qərarların qəbulunda, məsələn, təbii fəlakətlərin idarə edilməsi tədbirlərində daha aşağı iştirak səviyyəsinə malikdirlər. Bununla yanaşı, zorakılıq və hücumların səviyyəsinin artdığı fəlakətlərdən sonra ən çox əziyyət çəkən də məhz qadınlar olur".
Onun sözlərinə görə, şəhərlər tarix boyu əsasən kişi nöqteyi-nəzərindən planlaşdırılıb ki, bu da tez-tez qadınların ehtiyaclarının diqqətdən kənarda qalması ilə nəticələnib: "Patriarxal ictimai normalarla formalaşan bu təcrübələr şəhər mühitində qadınların mobilliyini, onların təhlükəsizliyini və resurslara çıxışını məhdudlaşdırır".