Maurice Pindard: "Fransa insanlarımızı ərazidən çıxarır, qanunlarını polis gücü ilə tətbiq edir"
- 20 oktyabr, 2023
- 06:36
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fransa insanlarımızı ərazidən çıxarır, qanunlarını polis gücü ilə tətbiq edir".
"Report" xəbər verir ki, bunu Fransız Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Maurice Pindard Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
O, Qvianada insan hüquqlarının pozulduğunu bildirib: "Fransa bizə BMT-nin xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır".Bizim elektrik enerjisi, təhsil, su və bir çox şeyə çıxış imkanımız yoxdur. Fundamental hüquqlarımız yoxdur. Ona görə də yoxsulluq içərisində yaşayırıq. Minlərlə insan yolsuzdur. Sadəcə, bəzi insanlar təcili yardım xidmətindən istifadə edə bilir. Bir hava yolumuz vardı, onu da ləğv edirlər".
M.Pindard vurğulayıb ki, neokolonializm bu gün ölkələr qarşısında ciddi problemdir: "Çünki böyük iqtisadi, siyasi təsirləri var. Bu gün yeni növ müstəmləkəçilik siyasəti mövcuddur. Amerikalılar, britaniyalılar, niderlandlılar, fransızlar hələ də müstəmləkəçilik siyasəti aparırlar və bunu gizlədirlər. Fransada müstəmləkə statusumuz belə yoxdur, amma müstəmləkə münasibəti gördüyümüz reallıqdır. Hazırda Fransa ordusu insanlarımızı ərazidən çıxarır. Burada siyasi dominantlıqdan söhbət gedir. Parlamentdə sadəcə iki deputatımız var. Fransa qanunlarını polis gücü ilə tətbiq edir. Ərazimizdəki qızılları çıxarıb aparır. Yetərli təbii sərvətlərimiz olsa da, Fransadan gələn neftdən istifadə etməliyik. Fransa şirkətləri təbii sərvətlərimizi istismar edir, ona görə də bizə gəlir verən heç nə qalmır".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.