Marta Kos: Orta Dəhlizdə daşımalar 2030-cu ilə qədər üç dəfə arta bilər

Xarici siyasət
  • 14 fevral, 2026
  • 18:32
Marta Kos: Orta Dəhlizdə daşımalar 2030-cu ilə qədər üç dəfə arta bilər

Geosiyasi risklərin artması şəraitində Avropa İttifaqı (Aİ) nəqliyyat marşrutlarının diversifikasiyasına üstünlük verir.

"Report" xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə üzrə komissarı Marta Kos Münhen Təhlükəsizlik Konfransında bəyan edib.

"Geosiyasi baxımdan asılılıqlar getdikcə daha çox təzyiq alətinə çevrilir. Bu, Avropa ilə Çin arasında digər marşrutlardan imtina demək deyil, lakin diversifikasiyanın zəruriliyini qabardır. Biznes ən səmərəli olan və daha sürətli çatdırılma imkanı verən istiqamətləri seçəcək", - Kos deyib.

Onun sözlərinə görə, araşdırmalar göstərir ki, Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşıma həcmlərini üçqat artıra, tranzit müddətini yarıya endirə və hər il on milyonlarla xərcə qənaət edə bilər.

"Məhz bu, onu biznes üçün xüsusilə cəlbedici edir", - Kos vurğulayıb.