Londonda Azərbaycanın Zəfər Günü münasibətilə konsert keçirilib

Xarici siyasət
  • 07 noyabr, 2025
  • 17:40
Londonda Azərbaycanın Zəfər Günü münasibətilə konsert keçirilib

Londonun məşhur "Kings Place" mədəniyyət mərkəzində Azərbaycanın Zəfər Günü münasibətilə Əməkdar artist, musiqiçi Elçin Şirinovun "Melody of Unity, Harmony of Victory" ("Birliyin melodiyası, Zəfərin harmoniyası") adlı konserti təşkil olunub.

"Report" xəbər verir ki, tədbirdə İngiltərədə yaşayan azərbaycanlılar və yerli ictimaiyyətin təmsilçiləri, rəsmi şəxslər – Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi il keçirilən konsertdə Prezident İlham Əliyevin unudulmaz ifadəsi – "Əziz Şuşa, sən azadsan!" bir daha yada salınıb, dövlət başçısının qətiyyəti, Azərbaycanın Ordusunun qəhrəmanlığı sayəsində torpaqların işğaldan azad olunmasının tarixi əhəmiyyəti diqqət mərkəzinə gətirilib.

Qeyd olunub ki, xaricdəki azərbaycanlılar informasiya müharibəsində fəal iştirak etməklə torpaqların işğaldan azad edilməsi kimi müqəddəs amal uğrunda mübarizəyə qoşulub, xalqın haqq səsini dünya ictimaiyyətinə vaxtında və tutarlı faktlarla çatdırıblar.

Sonra Elçin Şirinovun və onu müşayiət edən müxtəlif millətlərdən olan incəsənət ustalarının ifasında Azərbaycan musiqilərinin caz üslubunda improvizasiyaları səsləndirilib.

Son xəbərlər

Bütün Xəbər Lenti