Litva Ukraynanın atəşə tutulması və Azərbaycan səfirliyinin zədələnməsinə görə Rusiyaya etiraz edib
- 19 noyabr, 2025
- 14:42
Litva Rusiyaya yeni etiraz notası göndərərək Ukraynaya növbəti hücumları pisləyib və Azərbaycanın Kiyevdəki səfirliyinin zədələnməsini qeyd edib.
"Report" xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Notada qeyd edilir ki, Rusiyanın noyabrın 14-də endirdiyi zərbə Azərbaycanın Kiyevdəki səfirliyinə böyük ziyan vurub - Vilnüs bu hadisəni Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması kimi qiymətləndirir.
"14 noyabr hücumu zamanı Rusiya raketi Kiyevdəki Azərbaycan səfirliyinə zərbə endirib. Bu, Vyana Konvensiyasının kobud şəkildə pozulması və diplomatik nümayəndəliklərin toxunulmazlığına qəsddir. Litva Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan diplomatik icması ilə tam həmrəyliyini ifadə edir", - XİN-dən bildirilib.
Daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb. Görüş zamanı noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində "İsgəndər" tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.
Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və səfirliyin konsulluq şöbəsinin zədələndiyi qarşı tərəfə bildirilib.