Li Yuntsyuan: Azərbaycan Orta Dəhlizin inkişafında xüsusi rol oynayır
- 09 sentyabr, 2025
- 17:15

Çin Orta Dəhlizə maraq göstərir və onun inkişafına kömək etməyə hazırdır.
"Report" xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında Tədqiqat Mərkəzinin Avrasiya Sosial İnkişaf Tədqiqatları İnstitutunun direktoru Li Yuntsyuan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun Bakıda keçirilən 13-cü sessiyasında bildirib.
O qeyd edib ki, Çin Orta Dəhlizin gələcək inkişafına fəal şəkildə töhfə verməyə hazırdır.
Direktorun sözlərinə görə, "Bir kəmər, bir yol" təşəbbüsünün başlanmasından bəri Çin və digər ölkələr arasında kommunikasiya infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşıb.
L.Yuntsyuan Orta Dəhlizin inkişafında Azərbaycanın xüsusi rolunu qeyd edib: "Orta Dəhlizin inkişafı təkcə Azərbaycanın deyil, regionun digər ölkələrinin də maraqlarına uyğundur. Cənubi Qafqazda vəziyyət sabitləşir ki, bu da nəqliyyat marşrutunun gələcək istismarı və genişləndirilməsi üçün əlverişli şərait yaradır".
Bununla yanaşı, o hesab edir ki, nə qədər çox dəhliz və körpü tikilsə, nəqliyyat və iqtisadi qarşılıqlı əlaqə bir o qədər asanlaşacaq.