Anita Lal: Hindistanın repressiyaları təkcə zikhlərə deyil, digər icmalara da toxunur
- 03 iyun, 2026
- 11:14
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistandakı transmilli repressiyalar problemi təkcə zikhlərə deyil, həm də dalitlər və müsəlmanlar da daxil olmaqla digər icmalara toxunur.
"Report" xəbər verir ki, bunu ABŞ-nin dalit icmasının nümayəndəsi Anita Lal Bakıda keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırım kontekstində" adlı beynəlxalq konfransda jurnalistlərə bildirib.
Onun sözlərinə görə, 1984-cü il hadisələri Hindistanda azlıq nümayəndələrinin təqib edilməsinin ilk halı deyil:
"1984-cü il hadisələri xalqımızın başına belə bir işin gəldiyi ilk hal deyildi. O vaxtdan bəri transmilli repressiya formaları sərhədləri aşaraq davam edir - özü də təkcə zikhlərə qarşı deyil, həm də dalitlərə, müsəlmanlara və Hindistan hökuməti ilə razılaşmadığını bildirən hər kəsə qarşı. Buna görə də, bu məsələlər ətrafında dialoqu inkişaf etdirmək, eləcə də transmilli təzyiq qorxusuna görə əsas hüquqlarından məhrum edilmiş dünyadakı yüz milyonlarla insana azadlıq və ədalət şansı verərək irəli getmək son dərəcə vacibdir".
A.Lalın sözlərinə görə, Bakı Təşəbbüs Qrupunun təşkil etdiyi tədbirdə iştirak etmək onun üçün ilk belə təcrübə olub:
"Biz Bakı Təşəbbüs Qrupuna və Azərbaycan hökumətinə bizi sadəcə qəbul etdiklərinə görə yox, həm də bu mövzunu müzakirə etmək üçün platforma təqdim etdiklərinə görə təşəkkür edirik. Təqdim edilmiş platformanı, diqqəti və əməkdaşlıq imkanını yüksək qiymətləndirirəm".