Kuyundziç: Aİ Azərbaycanın minatəmizləməyə dair yanaşmasını dəstəkləyir
- 03 sentyabr, 2026
- 10:52
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Azərbaycanın minatəmizləmə fəaliyyətinin ərazilərin bərpasını nəzərdə tutan yanaşmasını qətiyyətlə dəstəkləyir.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin Azərbaycandakı səfiri Mariyana Kuyundziç Bakıda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə bildirib.
Bu yanaşma əhalinin qayıdışı və uzunmüddətli regional inkişafla birləşdirilməsini nəzərdə tutur.
Onun sözlərinə görə, Azərbaycanın təcrübəsi təkcə minalarla çirklənmə miqyası baxımından deyil, həm də minatəmizləmə əməliyyatlarının sonrakı bərpa və insanların təhlükəsiz qayıdışı ilə əlaqələndirilməsi məsələlərində mühüm dərslər verir.
"Bu, beynəlxalq əməkdaşlığın davam etdirilməsinin son dərəcə mühüm əhəmiyyət kəsb etdiyi kompleks bir işdir. Avropa İttifaqı bu yanaşmanı qətiyyətlə dəstəkləyir", - diplomat qeyd edib.
Səfir bildirib ki, Avropa İttifaqı tərəfindən Azərbaycana minatəmizləmə sahəsində göstərilən kollektiv dəstəyin ümumi həcmi 22 milyon avroya çatıb:
"Team Europe" təşəbbüsü çərçivəsində üzv dövlətlərlə birlikdə Aİ əhali üçün təhlükəsiz və minalardan azad mühitin yaradılmasına, eləcə də bütün regionda davamlı inkişafın dəstəklənməsinə töhfə verməyə sadiqdir".