Katrin Bomberqer: İtkin şəxslərlə bağlı işlərin həlli bir ölkənin öhdəliyi deyil, qlobal məsələdir
- 07 oktyabr, 2026
- 15:46
Yeniliklərdən dərhal xəbərdar olun!
İtkin düşmüş şəxslərlə bağlı işlərin həlli bir ölkənin öhdəliyi deyil, qlobal məsələdir.
"Report" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) baş direktoru Katrin Bomberqer "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans" çərçivəsində keçirilən panel sessiyada deyib.
Onun sözlərinə görə, dünyada iqlim dəyişikliyi və münaqişələrin də təsiri getdikcə artır:
"Bu gün Avropada itkin miqrantların sayı 70 mindən çoxdur və əlbəttə ki, Qərb yarımkürəsi də bundan təsirlənir. Təbii fəlakətlər nəticəsində itkin düşən insanlar var. Qlobal istiləşmə də bunun səbəblərindən biridir. Həmçinin məcburi yoxaçıxma hallarının qurbanı olan şəxslər var. Getdikcə müharibə və münaqişələr zamanı itkin düşənlərin böyük hissəsini mülki şəxslər və döyüşçülər təşkil edir".
K.Bomberqer vurğulayıb ki, qlobal istiləşmə insanların itkin düşməsinin digər səbəbidir:
"Miqrasiya və ayrı-seçkilik də bu səbəblər sırasındadır. Biz itkin şəxslərin ailələrinin hüquqlarını bərpa etmək istəyirik. İtkinlərin ailələrinin, əlbəttə ki, həqiqəti bilmək hüququ, ədalət hüququ və təzminat almaq hüququ var. Onlar itkin düşmüş yaxınlarının harada olduğunu öyrənməlidirlər. Buna görə də faktları müəyyən etməli, qeyri-müəyyənliyə son qoymalıyıq. Hüququn aliliyini gücləndirməliyik. Təsisatlara olan inamı artırmalı, ədaləti və hesabatlılığı dəstəkləməli, barışığa töhfə verməliyik".
ICMP rəhbəri əlavə edib ki, Azərbaycanı bu məsələ üzrə müxtəlif ölkələrin çox sayda nümayəndəsini belə yüksək səviyyədə bir araya gətirdiyi üçün təqdir etmək lazımdır. Çünki bu, yalnız bir ölkənin problemi, öhdəliyi deyil, qlobal məsələdir".