Kanakların təmsilçisi: "Fransa xalqımıza qarşı qanunsuz siyasət aparıb"
- 20 oktyabr, 2023
- 07:09
Yeniliklərdən dərhal xəbərdar olun!
"Fransa xalqımıza qarşı qanunsuz siyasət aparıb".
"Report" xəbər verir ki, bunu Kanakların təmsilçisi Davy Nicolas Bolo Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
"Biz istərdik ki, bütün müharibə qurbanlarını yad edək. Günahsız insanlar bütün regionlarda atəş altına alınır. Biz azadlığımızla bağlı mövzulardan mütləq danışmalıyıq. Yurdumuzda yoxsulluq artmaqdadır. Fransa absurd şəkildə müstəmləkəçilik siyasətini davam etdirir. Dekolonizasiya prosesi BMT tərəfindən başlanılıb. Müxtəlif sənədlər imzalanıb. Fransa həmin sənədlərə hələ də hörmət etmir. 1975-ci ildə seçim edildi və müstəqillik uğrunda vuruşmaq istədik. 1981-ci ildə əsas partiyanın rəhbəri bu hərəkatda fəal olmağa çalışdı və öldürüldü. Birinci ağdərili insan idi ki, hüquqlarımız uğrunda mübarizə aparırdı və o öldürüldü", - Davy Nicolas Bolo əlavə edib.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.