Kamran Boxari: TRIPP Azərbaycanın strateji rolunu gücləndirəcək
- 18 noyabr, 2025
- 10:31
"Tramp marşrutu" (TRIPP) ABŞ-yə Cənubi Qafqazı Mərkəzi Asiya ilə əlaqə platforması kimi istifadə etməyə imkan verir ki, bu da Azərbaycanın strateji rolunu gücləndirir.
"Report"un məlumatına görə, bunu "New Lines" İnstitutunun Avrasiya təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Boxari Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumunda bildirib.
Onun sözlərinə görə, qlobal transformasiyalar və yeni geostrategiyanın formalaşması fonunda Cənubi Qafqazda güc balansı ciddi şəkildə dəyişib. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və ərazilərinin işğaldan tam azad edilməsi Ermənistanla mövcud aktiv diplomatiya üçün şərait yaradıb və münaqişəni geridə buraxmaq üçün imkan açıb.
"Region münaqişə məkanından geoiqtisadi dəhlizə çevrilmək şansı əldə edir. Burada əsas element Ermənistandan keçən, Azərbaycanın əsas hissəsini Naxçıvanla və daha sonra Türkiyə ilə birləşdirən dəhlizdir. Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji nöqtəsidir", - ekspert bildirib.
O vurğulayıb ki, Donald Tramp administrasiyasının vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüş region üçün dönüş nöqtəsi olub: "Təklif olunan "Tramp Marşrutu" ABŞ və Qərbə Cənubi Qafqazdan Mərkəzi Asiya ilə daha sıx əlaqə üçün istifadə etməyə imkan verir ki, bu da Azərbaycanın strateji rolunu gücləndirir".
Ekspert əlavə edib ki, Rusiya və İranla ümumi sərhədlərə malik olan Azərbaycan tədricən regional təhlükəsizliyin, nəqliyyat və enerji bağlantısının təmin edilməsində əsas həlqəyə çevrilir.