Japarov: Azərbaycan WUF13-ü ən yüksək səviyyədə təşkil edib

Xarici siyasət
  • 18 may, 2026
  • 15:26
Japarov: Azərbaycan WUF13-ü ən yüksək səviyyədə təşkil edib

Qırğızıstanın Prezidenti Sadır Japarov Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) ən yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edib.

"Report" xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti WUF13 çərçivəsində Liderlər Sammitində bildirib.

"Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına səmimi qəbula, eləcə də WUF13-ün yüksək səviyyədə təşkilinə görə təşəkkür etmək istərdim", - o qeyd edib.

S.Japarov, həmçinin vurğulayıb ki, WUF13 urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişikliyi və əlçatan mənzil məsələlərinin müzakirəsi üçün unikal platformadır:

"Biz vətəndaşlarımız üçün layiqli həyat şəraitinin yaradılmasının məsuliyyətini daşıyırıq. Şəhərlər iqtisadi inkişaf, innovasiya, eləcə də insan kapitalı mərkəzlərinə çevrilib. Eyni zamanda, şəhərlər ilk olaraq iqlim dəyişikliyinin fəsadları, infrastrukturun həddindən artıq yüklənməsi, mənzil problemləri, eləcə də təhlükəsizlik məsələləri ilə üzləşirlər. Məhz buna görə də mənzil fondunun və mənzil tikintisinin inkişafı Qırğızıstanın prioriteti olaraq qalır".

Qırğızıstan Prezidenti xatırladıb ki, 2025-ci ildə ölkədə 1,8 milyon kvadratmetrdən çox mənzil istifadəyə verilib.

Onun sözlərinə görə, Bişkek şəhəri şəhər idarəetməsi islahatının həyata keçirilməsində əhəmiyyətli təcrübəyə malikdir: "Hazırda şəhər infrastrukturu modernləşdirilir, ictimai nəqliyyat yenilənir. Biz şəhərin yaşıllaşdırılmasına, eləcə də enerji səmərəliliyinin artırılmasına xüsusi diqqət yetiririk. Ötən ilin sonunda Bişkekdə Mərkəzi Asiyada tullantıların emalı üzrə ilk zavodu açılıb".

S.Japarov, həmçinin forum iştirakçılarını WUF13-də Qırğızıstanın sərgi pavilyonunu ziyarət etməyə dəvət edib:

"Əminəm ki, bu forumun nəticələri həll yollarının işlənib hazırlanması üzrə qabaqcıl təcrübə olacaq. Bununla yanaşı, birgə səylərlə gələcək nəsillər üçün insanlar, təbiət və tərəqqinin harmoniya içində olduğu inklüziv və rahat şəhərlər qura biləcəyik".

44 - Tezliklə