İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar - YENİLƏNİB

Xarici siyasət
  • 09 oktyabr, 2026
  • 16:50
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar - YENİLƏNİB

"İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçılarının Şuşaya səfəri başa çatıb.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutan səfərin iştirakçıları ilk olaraq yaşayış kompleksini ziyarət ediblər.

Qonaqlar daha sonra Şuşa işğaldan azad edildikdən sоnra əsaslı təmir olunan şəhər kilisəsinə baş çəkiblər, həmçinin Üzeyir Hacıbəyli, Bülbül və Xurşudbanu Natəvanın güllələnmiş büstlərinə baxıblar, Şuşanın qala divarları önündə xatirə fotoları çəkdiriblər.

Şuşa həbsxanasını da ziyarət edən qonaqlara onun tarixi barədə məlumat verilib. Müharibə dövründə bu həbsxanada 360 nəfər əsir və girovun saxlanıldığı, onların ağır işgəncələrə məriz qaldıqları vurğulanıb. O da qeyd edilib ki, vaxtilə həbsxanada saxlanılan 144 nəfərin taleyindən hələ də xəbər yoxdur. İşğaldan azad edildikdən sonra həbsxananın həyətində aşkarlanan 2 kütləvi məzarlıqdan 31 nəfərin qalıqlarının tapıldığı da onların diqqətinə çatdırılıb.

Bununla qonaqların Şuşaya səfəri başa çatıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ın iştirakçıları Şuşa şəhərində olublar.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, qonaqlar Şuşaya səfərlərini yaşayış kompleksini ziyarətlə başlayıblar.

Onlar uzin illərdən sonra doğma yurduna dönən sakinlərlə söhbət ediblər.

Qonaqlar səfər proqramı əsasında Şuşanın gəzməli yerlərində olacaq, tarixi məkanları ziyarət edəcəklər.