İsveçrə hökuməti Azərbaycanda bəzi layihələrə maliyyə ayıracaq

Xarici siyasət
  • 05 yanvar, 2022
  • 10:59
İsveçrə hökuməti Azərbaycanda bəzi layihələrə maliyyə ayıracaq

İsveçrə hökuməti Cənubi Qafqaz regionunda 2022-2025-ci illərdə əməkdaşlıq proqramı həyata keçirməyə başlayır.

Bu barədə “Report”a İsveçrə Dövlət İqtisadi İşlər Katibliyindən (SECO) məlumat verilib.

Bildirilib ki, proqram çərçivəsində Azərbaycanda dövlət maliyyəsinin idarəçiliyinin təkmilləşdirilməsi, işgüzar mühitin yaxşılaşdırılması, kənd təsərrüfatında maliyyələrə çıxışın daha da genişləndirilməsi, qadınlar üçün iqtisadi imkanların artırılması kimi məsələlər dəstəklənəcək:

“Bu təməl istiqamətlərlə yanaşı, İsveçrə gender bərabərliyi, ətraf mühit və iqlim dəyişikliyi, inkluzivlik və rəqəmsallaşma kimi mövzularda yerli QHT-lərin təşəbbüslərinə də maliyyə ayırmağa davam edəcək. Regional mədəniyyət və incəsənət proqramı çərçivəsində Azərbaycanda bəzi layihələr dəstəklənəcək".

SECO-dan qeyd olunub ki, İsveçrənin maliyyələşdirdiyi beynəlxalq əməkdaşlıq layihələri kənd təsərrüfatı sektorunun müəssisələri üçün maliyyə əldə etmək imkanlarını genişləndirərək makroiqtisadi proqnoz imkanlarını artırır.

Xatırladaq ki, bu il Azərbaycanla İsveçrə arasında diplomatik münasibətlərinin 30 illiyidir.