Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb
- 23 oktyabr, 2026
- 20:33
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində indiki Ermənistanda 1948-1953-cü illərdə sakinlərinin deportasiyası nəticəsində boşalmış Ərinc Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Report" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, çar və sovet dövründə kəndin adı "Ərinc" kimi yazılıb.
Bildirilib ki, kənd haqqında qeydlərə XVIII əsr Osmanlı mənbələrində rast gəlinir.
Qeyd olunub ki, XVIII əsrin ortalarından Rusiya işğalına qədər kəndin ərazisi Naxçıvan xanlığının Dərələyəz mahalının tərkibində olub.
1827-ci ildə Rusiya Naxçıvan xanlığının ərazisini işğal edib, 1828-ci il Türkmənçay müqaviləsi isə onun Rusiya imperiyası tərkibinə birləşdirilməsini təsbit edib. Çar Rusiyası dövründə kənd İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasının tərkibində olub.
1829-1832-ci illərdə Rusiya hakimiyyətinin tapşırığı ilə keçmiş İrəvan və Naxçıvan xanlıqları ərazilərinin kameral təsviri tərtib edilib. Sənədə salınmış məlumatlara əsasən, Ərinc kəndində hamısı azərbaycanlıların əcdadları olmaqla 177 nəfər yaşayıb.
Çar dövrünə aid statistik məlumatlara görə, 1914-cü ilə qədər müxtəlif vaxtlarda kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar.
Qafqaz haqqında məlumat toplusu:
"1873-cü ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 129 nəfər yaşayıb".
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
"1886-cı ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 152 nəfər yaşayıb".
İrəvan quberniyasının 1908-ci ilə olan yaddaş kitabçası:
"1908-ci ildə kənddə hamısı azərbaycanlıların əcdadları olmaqla 264 nəfər yaşayıb".
1915-ci ilə olan Qafqaz təqvimi:
"1914-cü ildə kənddə 264 nəfər, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar".
29 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti İrəvan, indiki Yerevan şəhərini və bəzi ətraf əraziləri ermənilərə güzəştə gedib. Beləliklə, müasir azərbaycanlıların əcdadlarının tarixən yaşadığı torpaqlarda Birinci Ermənistan Respublikası yaradılıb. Mövcudluğunun ilk aylarından Ermənistan Respublikası qonşu ölkələrə: Azərbaycan, Gürcüstan və Türkiyəyə (o dövrdə Osmanlı imperiyasına) ərazi iddiaları irəli sürməyə başlayıb.
1918-1920-ci illərdə Ermənistan Respublikasında hakimiyyətdə olan millətçi Daşnaksütyun partiyası İrəvan quberniyasında, o cümlədən digər bölgələrdə, xüsusən də Zəngəzur, Qarabağ və Naxçıvanda türk əhaliyə qarşı etnik təmizləmə keçirib.
Ərinc sakinlərinin etnik təmizləməyə məruz qaldığını kənddə türk sakinlərin sayının kəskin azalması sübut edir. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınması nəticələri ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1922-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 23 nəfər yaşayıb".
29 noyabr 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub.
Sovet dövründə kənd Paşalı rayonunun tərkibində olub, sonradan rayonun adı əvvəl Əzizbəyov, sonra isə Vayk olaraq dəyişdirilib.
Sovet dövrünün erməni və Azərbaycan mənbələrinin məlumatlarına əsasən, 1940-cı illərin sonlarına qədər kəndin ərazisində azərbaycanlılar yaşayıblar.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
"1926-cı ildə kənddə 104 nəfər yaşayıb, onlardan 103 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə hamısı azərbaycanlı olmaqla 171 nəfər yaşayıb".
1948-1953-cü illərdə sovet hakimiyyəti azərbaycanlıların Ermənistan SSR-dən Azərbaycan SSR-ə deportasiyasını həyata keçirib. Nəticədə 1949-cu ildə Ərinc kəndinin sakinləri zorla Azərbaycanın Mirbəşir rayonuna (indiki Tərtər rayonu) köçürülüblər. Deportasiyadan sonra kənd baxımsız qalıb.
2021-2024-cü illərdə "Yoxa çıxmış sivilizasiya" kitabının hazırlanması çərçivəsində Ermənistan ərazisində, o cümlədən ucqar dağlıq bölgələrdə Azərbaycan irsinin müəyyən edilməsi və sənədləşdirilməsi üçün geniş sahə işləri aparılıb. Bu işlər zamanı kənddə bir hissəsi salamat qalmış onlarla məzar daşlarının olduğu azərbaycanlı qəbiristanlığı aşkar edilib. Onlardan bəzilərində ərəb dilində yazıların bir hissəsi qalıb.
Qeyd edək ki, "Qərbi Azərbaycanın yaddaş yerləri" nadir elmi-tədqiqat işidir. Müasir Ermənistan ərazisində aparılan sahə tədqiqatları zamanı ilk dəfə olaraq, müasir azərbaycanlıların əcdadlarının vaxtilə məskunlaşdığı 600-ə yaxın kənd haqqında məlumat toplanıb və sistemləşdirilib. Onların bəzilərində türk mədəni-tarixi irsinin fraqmentləri – qəbiristanlıqlar, pirlər, məscidlər qalıb.