İstanbulda İƏT XİN Şurasının 51-ci sessiyası keçirilir

Xarici siyasət
  • 21 iyun, 2025
  • 12:06
İstanbulda İƏT XİN Şurasının 51-ci sessiyası keçirilir

İstanbulda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası keçirilir.

"Report" xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın ev sahibliyi ilə iki gün davam edəcək toplantıda “Dəyişən Dünyada İslam Əməkdaşlıq Təşkilatı” mövzusu müzakirə olunacaq.

Azərbaycanı tədbirdə xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.

Toplantıda İƏT-ə üzv 57 ölkə ilə yanaşı, təşkilata bağlı qurumlar, müşahidəçi ölkələr və digər beynəlxalq təşkilatlardan təxminən 1000 nəfərlik heyət iştirak edir.

Sessiyada İsrail ilə Fələstin arasında davam edən gərginlik, bu məsələnin iki dövlət prinsipi əsasında həll olunması istiqamətində atılacaq addımlar, İsrail-İran müharibəsi, müsəlman cəmiyyətlərinə təsir edən çağırışlarda əməkdaşlığın gücləndirilməsi kimi məsələlər müzakirə ediləcək.

Toplantının sonunda İstanbul Bəyanatı, eləcə də İƏT gündəmindəki qərar layihələrinin qəbul edilməsi planlaşdırılır.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın xarici işlər nazirinin sessiya ilə yanaşı, dəyirmi masalar və İƏT əlaqə qruplarının iclaslarında iştirakı nəzərdə tutulub.

Ceyhun Bayramovun həmçinin yüksəksəviyyəli ikitərəfli görüşlərinin keçirilməsi də planlaşdırılıb.

Xatırladaq ki, bu toplantı ilə Türkiyə bir il müddətinə İƏT Xarici İşlər Nazirləri Şurasına sədrliyi Kamerundan təhvil alacaq. Təşkilatın 25 qurucu ölkəsindən biri olan Türkiyə daha əvvəl 1976, 1991 və 2004-cü illərdə keçirilən şura toplantılarına ev sahibliyi edib.

44 filmi