İsmət Jahan: "Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əhəmiyyətli addımlar atır"

Xarici siyasət
  • 10 iyun, 2022
  • 13:47
İsmət Jahan: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əhəmiyyətli addımlar atır

"Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əhəmiyyətli addımlar atır".

Bu fikirləri "Report"un Fransa bürosuna İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanında daimi müşahidəçisi, səfir İsmət Jahan bildirib.

O bildirib ki, İslam Əməkdaşlıq Təşkilatı dini təşkilat yox, dövlətlərarası və siyasi təşkilatdır:

"Bu gün üzvlərimizin sayı 57-ə çatıb. Məqsədimiz dinlərarası və mədəniyyətlərarası dialoqu inkişaf etdirməkdir. Mənim təşkilatın səfiri kimi missiyam Avropa Komissiyası, Avropa Parlamenti, Avropadakı vətəndaş təşkilatları və universitetlərlə əməkdaşlığımızı möhkəmləndirməkdir. Avropa ölkələrində müsəlmanların sosial inteqrasiyasının təmin olunması bizim təşkilatın məqsədlərimizdəndir".

İsmət Jahan bildirib ki, Avropada yaşayan müsəlmanlar öz ölkələrinin tam hüquqlu vətandaşları kimi qəbul edilmələrini arzulayırlar:

"Terror aktları və digər bəzi hadisələr səbəbindən bütün müsəlmanların terrorçu, bütün miqrant və qaçqınların müsəlman adlandırılması kimi hallarla qarşılaşırlar. Bu artmaqda olan tendensiya ilə mübarizə aparmaq bizim təşkilatın əsas məqsədlərindəndir. Biz Avropada müsəlmanlar haqqında müsbət fikirlərin yayılmasına çalışırıq. Çalışırıq ki, bütün dinlərin birgə sülh şəklində yaşaya bilməsinin mümkün olduğunu onlara anladaq. Ölkələrin suverenliyinə xələl gətirməməklə Avropa Şurası ilə də bu istiqamətdə əməkdaşlıq edirik".

Səfir Azərbaycanın Avropa dövləti kimi dinlərarası dialoqun inkişafına töhfəsinə də toxunub:

"Təəssüflər olsun ki, Avropa Şurasına üzv ölkələr arasında yalnız dördü bizim təşkilatın üzvüdür. Türkiyə, Albaniya, Azərbaycan üzv ölkə və Bosniya müşahidəçi ölkədir. Dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində Azərbaycan əhəmiyyətli addımlar atır, vacib tədbirlər görür. Azərbaycan müsəlmanların çoxluq təşkil etdiyi ölkə olsa da, Avropa ölkəsidir. Avropada yaşayan müsəlmanlar Avropanın tam hüquqlu vətandaşı olmaqla yanaşı Avropa quruculuğunda iştirak edir və buna öz töhfələrini verirlər".

44 filmi