"İrəvan Brüsselə görüntü üçün gedir, hansısa nəticə əldə olarsa, bu, İlham Əliyevin iradəsi ilə mümkün ola bilər"

Xarici siyasət
  • 06 aprel, 2022
  • 09:51
İrəvan Brüsselə görüntü üçün gedir, hansısa nəticə əldə olarsa, bu, İlham Əliyevin iradəsi ilə mümkün ola bilər

"Prosesləri təhlil edəndə anlamaq olur ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı İrəvan və Bakının niyyətləri üst-üstə düşmür. Azərbaycan ən qısa zamanda yekun müqaviləni imzalayaraq bölgədə sabitliyin və əməkdaşlığın başlanmasını səmimi formada istəyir. Hətta Azərbaycan qalib olmasına baxmayaraq daha çox təşəbbüskardır. İrəvan isə hər addımda sülh çağırışlarının imitasiyası ilə məşğuldur".

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, Ermənistan əvvəlki 30 ilin təcrübəsinə istinad edərək prosesləri uzatmaq, ilk imkanda təcavüzkar niyyətini yenidən həyata keçirmək arzusundadır:

"Bu mənada Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında Brüssel təmasları öncəsi Ermənistanda baş tutan aksiya da məhz bu məqsədi güdür. Sirr deyil ki, mitinq hakimiyyətin gizli dəstəyi ilə baş tutdu və məqsədyönlü aksiya idi. Təsadüfi deyil ki, hakimiyyətyönümlü “Bagramyan26” kanalı başda olmaqla, erməni iqtidaryönümlü mediası gün ərzində bu aksiyaya çox geniş yer ayıraraq milli həmrəylik təbliğatı aparıb. Əlbəttə, Ermənistanda milli həmrəyliyin olmasına etirazımız yoxdur, əksinə, vahid bir qüvvə ilə danışıq aparmaq, İrəvandan sonradan dəyişməyəcək konkret bir mövqeyini almaq baxımdan bizim üçün daha rahatdır. Lakin bu "milli həmrəylik" Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və Şərqi Zəngəzura münasibətdə təcavüzkar və işğalçı niyyəti ehtiva edərsə, əlbəttə bu, bizim üçün qəbuledilməzdir. Bu artıq onu göstərir ki, İrəvan Brüsselə görüntü üçün gedir, destruktiv və dağıdıcı mövqe tutacaq və hər hansı nəticə əldə olsa yalnız və yalnız Prezident İlham Əliyevin iradəsi ilə mümkün ola bilər".

Deputat vurğulayıb ki, Paşinyan 44 günlük müharibədə yaşananları, xüsusən şəxsən İlham Əliyev qarşısında diz çöküb möhlət istəyib Ağdam, Kəlbəcər və Laçından qaçmaqlarını unutmamalıdır: "İndi Paşinyan fərari ruhlu ordusuna, yaxud 44 günlük müharibədə dadına çata bilməyən müttəfiqlərinə güvənmək istəyirsə buyursun destruktiv mövqeyini Brüsseldə davam etdirsin".

44 filmi