QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb

Maliyyə
  • 21 oktyabr, 2026
  • 09:11
QDTİB-in iştirakı ilə Azərbaycandakı layihələrin dəyəri 700 milyon avronu ötüb

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) bu il sentyabrın 30-na Azərbaycanda ümumi məbləği 450 milyon 946 min avro olan 47 layihənin maliyyələşdirilməsi üzrə sazişlər imzalayıb.

"Report" Banka istinadən xəbər verir ki, 42 əməliyyat çərçivəsində maliyyələşdirməyə yönəldilən vəsaitlərin faktiki həcmi 711 milyon 819 min avro olaraq qiymətləndirilir.

Bununla yanaşı, QDTİB-in Direktorlar Şurası sentyabrın sonuna kimi Azərbaycanda ümumi məbləği 453 milyon 802 min avro olan layihələri təsdiqləyib.

Bankın hesabatına əsasən, Azərbaycanda imzalanmış layihələr portfelində ən böyük pay maliyyə sektorunun – 50,28 % (169 milyon 670 min avro) payına düşür. Energetika layihələrinin payına 35,23 % (118 milyon 89 min avro), daşınmaz əmlak sektorunun payına isə 6,92 % (23 milyon 337 min avro) düşür. İlkin tələbat malları ilə bağlı layihələrin payı 3,91 % (13 milyon 21 min avro), seçmə tələbat malları üzrə isə 3,65 % (12 milyon 329 min avro) təşkil edir.

QDTİB-in Azərbaycandakı böyük layihələri sırasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 75 milyon ABŞ dolları məbləğində maliyyələşdirilməsini, "Bank Respublika" ASC üçün 25 milyon manatlıq kredit xətlərini, həmçinin "Unibank" ASC vasitəsilə 7 milyon ABŞ dolları və "Azər-Türk Bank "ASC vasitəsilə 5 milyon ABŞ dolları məbləğində maliyyə sektoruna göstərilən dəstəyi göstərmək olar.