"Euronews"da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
- 13 noyabr, 2026
- 21:16
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) ilə energetika əməkdaşlığının genişləndirilməsi, Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq, Ukrayna ilə münasibətlər və Ermənistanla dialoqun davam etdirilməsi Azərbaycanın Dublində keçirilən Avropa Siyasi Birliyinin 9-cu Sammitində iştirakının əsas yekunları olub.
"Report" xəbər verir ki, bu barədə "Euronews"un Prezident İlham Əliyevin sammit çərçivəsində keçirdiyi görüşlərə həsr olunan məqaləsində bildirilib.
Nəşr qeyd edib ki, sammit çərçivəsində Azərbaycan lideri 12-yə yaxın ikitərəfli görüş keçirib, bu görüşlər zamanı energetika, nəqliyyat əlaqələri, təhlükəsizlik, texnologiyalar və regional əməkdaşlıq müzakirə olunub.
Aİ ilə energetika əməkdaşlığının genişləndirilməsi
Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, ölkə Avropaya enerji resurslarının tədarükünü artırmaq və şaxələndirmək, onların coğrafiyasını artıq Azərbaycan qazını alan 10 Aİ üzvü olan dövlətin hüdudlarından kənara genişləndirmək niyyətindədir.
Sammit çərçivəsində dövlət başçısı Avropa İttifaqı Şurasının sədri Antonio Koşta ilə görüşüb. Tərəflər Azərbaycan və Aİ-nin qaz tədarükü sahəsində uğurlu əməkdaşlığı kontekstində uzunmüddətli enerji müqavilələrini müzakirə ediblər.
"Euronews" xatırladıb ki, Azərbaycan və Aİ arasında energetika sahəsində strateji tərəfdaşlıq 2022-ci ildə qurulub.
Aİ Şurasının sədri tərəflər arasında əməkdaşlığın qarşılıqlı faydasını vurğulayıb.
İlham Əliyev bildirib ki, Azərbaycan Aİ-yə qaz tədarükünü 8 milyarddan 13 milyard kubmetrə qədər artırıb.
Əməkdaşlıq həmçinin inkişafı Azərbaycanın strateji məqsədlərindən biri olan bərpa olunan enerjini də əhatə edir. İlham Əliyev "yaşıl enerji"nin Avropa bazarlarına ixracı barədə Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasındakı sazişə diqqət çəkib.
Tərəflər Asiyanı Cənubi Qafqaz, Mərkəzi Asiya və Qara dəniz vasitəsilə Avropa ilə birləşdirən qlobal Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafını müzakirə ediblər.
Böyük Britaniya ilə Strateji Tərəfdaşlıq
Dublində Azərbaycan Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalayıblar.
Tərəfdaşlığın yeni strukturu təhlükəsizlik, ticarət və investisiyalar, bərpa olunan enerji, infrastruktur, süni intellekt və qabaqcıl texnologiyaları əhatə edir.
Britaniya rəsmiləri bəyannamənin imzalanmasını tarixi mərhələ adlandırıblar. İki ölkənin liderləri qarşılıqlı ticarəti və özəl şirkətlər arasındakı əlaqələri genişləndirmək barədə razılığa gəliblər.
Azərbaycan və Böyük Britaniya həmçinin Orta Dəhlizin, transsərhəd ticarət və investisiyalara kömək edən nəqliyyat, logistika və infrastruktur layihələrinin inkişafını dəstəkləməyi razılaşdırıb.
Ermənistanla sülh prosesinin irəli aparılması
İlham Əliyev Dublində Ermənistanın Baş naziri Nikol Paşinyanla iki ölkə arasındakı tarixi sülh prosesini davam etdirən yeni danışıqlar aparıb. Tərəflər sülhün möhkəmləndirilməsi, sərhədin delimitasiyası, elektrik şəbəkələrinin birləşdirilməsi və digər məsələləri müzakirə ediblər.
Liderlər həmçinin TRIPP layihəsinin icrasını, o cümlədən onun dəmir yolu və avtomobil komponentlərinin planlaşdırılmasını nəzərdən keçiriblər.
Avropa əlaqələrinin genişləndirilməsi
Dublində İlham Əliyev həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Tərəflər Cənub Qaz Dəhlizi infrastrukturunun modernləşdirilməsini və mühüm tərkib hissəsi Trans-Adriatik qaz kəməri (TAP) olan ikitərəfli münasibətlərin inkişafını müzakirə ediblər.
Moldova Prezidenti Maya Sandu ilə görüşdə energetika sahəsində əməkdaşlıq, bu ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də ticarət-iqtisadi əlaqələrin inkişafı nəzərdən keçirilib.
Azərbaycan Prezidenti həmçinin Bolqarıstanın Baş naziri Rumen Radev və Çexiyanın Baş naziri Andrey Babiş ilə energetika sahəsində danışıqlar aparıb.