İlham Əliyev: Cənubi Qafqaz sülh regionu olmalı, geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır

Xarici siyasət
  • 13 iyul, 2026
  • 11:04
İlham Əliyev: Cənubi Qafqaz sülh regionu olmalı, geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır

Cənubi Qafqaz sülh, qarşılıqlı fəaliyyət regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

"Ən başlıcası, regionla əməkdaşlıq etmək istəyən hər kəs, ilk növbədə, ondan çıxış etməlidir ki, Cənubi Qafqaz sülh, qarşılıqlı fəaliyyət regionu olmalı və geosiyasi rəqabətdən mümkün qədər azad olmalıdır. Ümumiyyətlə, istənilən region bu cür proseslərdən nə dərəcədə azad ola bilərsə, o dərəcədə", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, son illər ərzində Cənubi Qafqaz köklü şəkildə dəyişib. Onun sözlərinə görə, genişmiqyaslı dəyişikliklərə təkan İkinci Qarabağ müharibəsi oldu ki, bu da regionun praktiki olaraq dəyişməz hesab edilən bir çox reallıqlarını dəyişdirib.

O bildirib ki, Azərbaycanın suverenliyinin tam bərpa edilməsi, Ermənistanın Avropaya inteqrasiya istəkləri və bu prosesi müşayiət edən hallarla bağlı sonrakı hadisələr istər analitiklər, istərsə də dövlət xadimləri tərəfindən Cənubi Qafqazın yenidən dəyərləndirilməsi zərurətini diktə edir:

"Daimi təmaslar olmadan və mövcud vəziyyət anlaşılmadan bunu etmək çox çətin olacaq. Çünki Cənubi Qafqazın dərk edilməsinə dair əvvəlki metodologiyalar tamamilə köhnəlib. Bu, beş il əvvəl olduğu vəziyyətlə müqayisədə artıq tamamilə başqa bir regiondur".

Dövlət başçısı qeyd edib ki, regionda yeni güc mərkəzləri və çox vaxt müxtəlif istiqamətli meyllər yaranıb. O bildirib ki, Cənubi Qafqazla uzun müddətdir məşğul olan mütəxəssislər bunu əvvəllər də müşahidə edə bilsələr də, indi bu tendensiyalar daha nəzərəçarpan olub.

Prezidentin sözlərinə görə, Cənubi Qafqazda işləmək istənilən xarici oyunçu üçün mürəkkəb bir məsələdir, çünki region hələ ki nə siyasi, nə iqtisadi, nə də nəqliyyat baxımından konsolidasiya olunub və inteqrasiya edilib. Bu proseslər yalnız ilkin mərhələsindədir.

İlham Əliyev bildirib ki, Qərb ictimaiyyəti Ermənistana doğru açıq tərəfkeşlik nümayiş etdirəndə müvafiq siqnalları avropalı həmkarlarının diqqətinə çatdırıb.

Prezident qeyd edib ki, regionun coğrafiyasına, orada yerləşən ölkələrin iqtisadi potensialına yaxından bələd olan və öz imkanlarını obyektiv qiymətləndirən Azərbaycan üçün bu cür yanaşma suallar doğururdu:

"Ermənistanı az qala regionun əsas nəqliyyat qovşağı kimi təqdim edilməyə başlananda bu, əlbəttə ki, böyük sual doğurdu. Tranzit dövlət kimi fəaliyyət göstərmək təcrübəsi ümumiyyətlə olmayan bir ölkə qəflətən əsas nəqliyyat qovşağı elan edilir. Bu cür qiymətləndirmələrin nəyə əsaslandığı tamamilə aydın deyil".

Onun sözlərinə görə, bu cür tərəfkeşlik siyasi motivlərlə və Ermənistanı öz tərəfinə çəkmək cəhdləri ilə şərtlənirdi.

Prezident vurğulayıb ki, bütün tərəflər bu cür yanaşmadan imtina etməli və Cənubi Qafqaza geosiyasi qarşıdurma arenası kimi baxmağı dayandırmalıdırlar.

İlham Əliyev qeyd edib ki, Azərbaycan buna nail ola bilib: ölkə özünün geosiyasi intriqalara cəlb olunmasına imkan verməyib və heç bir xarici oyunçuya ondan kiməsə qarşı istifadə etmək imkanı tanımayıb: "İndi hesab edirəm ki, qonşularımız da eyni şeyi etməlidir, özü də sözdə yox, əməldə".

Onun sözlərinə görə, Cənubi Qafqazda sülh və əməkdaşlıqda həqiqətən maraqlı olan bütün tərəflər regionun bütün dövlətləri ilə münasibətlər qurmalıdırlar.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi başa çatdıqdan, Zəngəzur dəhlizi və ya digər marşrutlar vasitəsilə birbaşa nəqliyyat əlaqəsi bərpa olunduqdan, habelə üçtərəfli regional formatın yaradılması üçün siyasi hazırlıq əldə edildikdən sonra vəziyyət dəyişəcək.

İlham Əliyev regionun hər bir dövlətinin iqtisadi, siyasi, hərbi, demoqrafik və digər potensialını obyektiv qiymətləndirməyə çağırıb: "Çünki vurğular düzgün qoyulmalıdır. Və sonra hər hansı bir məyusluq olmasın ki, yenə də düzgün qərar verilmədi, düzgün ölkə seçilmədi".