ICMP baş direktoru: Azərbaycandakı məhkəmə-tibbi ekspertiza imkanları çox yaxşı səviyyədədir

Xarici siyasət
  • 30 iyun, 2026
  • 12:33
ICMP baş direktoru: Azərbaycandakı məhkəmə-tibbi ekspertiza imkanları çox yaxşı səviyyədədir

Azərbaycandakı məhkəmə-tibbi ekspertiza imkanları çox yaxşı səviyyədədir.

"Report" xəbər verir ki, bunu İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyasının (ICMP) baş direktoru Katrin Bomberqer jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ICMP Azərbaycana öz imkanlarını artırmaqda kömək etməyə hazırdır:

"Hələ də çox sayda itkin düşmüş şəxs işləri var. Ümid edirik ki, bizim həm Azərbaycana, həm də Ermənistana dəstək verən işimiz, nəticədə itkin düşənlərin ailələrinə təsəlli tapmaqda kömək edəcək. Bu qədər müharibələrin olduğu bir zaman kəsiyində çox ehtiyac duyulan sülh bərqərar olacaq".

O deyib ki, ICMP Azərbaycan və Ermənistan arasında əməkdaşlığı gücləndirəcək və sülhə doğru irəliləyişin əldə olunduğunu görməkdən məmnundur:

"İki ölkə arasında paraflanmış sülh sazişinin 9-cu maddəsi çox əsaslıdır. Bu, indiyə qədər bir sülh sazişində gördüyüm yaxşı bir maddənin ən müasir nümunəsidir".

Qeyd edək ki, paraflanmış sülh sazişinin 9-cu maddəsində deyilir:

"Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaq".

44 filmi