Gürcüstanlı ekspertlər NATO Baş katibinin Cənubi Qafqaza səfərini şərh ediblər
- 20 mart, 2024
- 11:27
Yeniliklərdən dərhal xəbərdar olun!
NATO Baş katibi Yens Stoltenberqin Bakıya səfəri regionda yeni reallığın yarandığını sübut edir.
Bu sözləri "Report"un yerli bürosuna açıqlamasında siyasi şərhçi Giorgi Caxaya deyib.
Onun sözlərinə görə, son günlər dünyada yaranan yeni çağırışlar, Cənubi Qafqaz regionunda gedən proseslər gürcü siyasətçilər tərəfindən birmənalı qarşılanmayıb: “Siyasi analitiklər hesab edirlər ki, Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ardınca NATO Baş katibi Y.Stoltenberqin də Bakıya səfər etməsi regionda yeni reallığın yarandığını sübut edir".
Ekspert hesab edir ki, NATO Rusiyanın regionda zəifləməsindən istifadə edərək, regionda gücünü artırmağa başlayıb: “NATO Baş katibinin də Bakı, Tbilisi və İrəvana səfəri Şimali Atlantika Alyansının bu üç ölkə ilə əməkdaşlığını sübut edir”.
O bildirib ki, NATO Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşması və ölkə arasında sülh müqaviləsinin imzalanmasında da vasitəçi olduğunu göstərmək istəyir.
Hərbi-siyasi ekspert Vaxtanq Maysaya isə deyib ki, NATO Baş katibinin regiona səfəri heç nəyi dəyişməyəcək: "Çünki Gürcüstan, Azərbaycan və Ermənistanın NATO ilə əməkdaşlığı fərqli formatdadır. Bu ölkələrin fərqli xarici siyasəti, geostrateji və hərbi mövqeləri var.
Gürcüstan üçün NATO və Aİ-yə üzv olmaq qanunla tənzimlənir və bu ölkə konstitusiyasında da əksini tapır. Amma hazırkı hökumət bunu hələ də dəstəkləmir".
Ekspert düşünür ki, Ermənistan Kremlin “orbit”indən çıxmaq istəyir: “Hesab edirəm ki, Rusiya buna imkan verməyəcək. Çünki rəsmi Moskvanın Ermənistana konkret təsir mexanizmləri var.
O, Azərbaycanın NATO-ya üzvlüyünün real olmadığını söyləyib: “Öz problemini təkbaşına həll edən Azərbaycanın güclü hərbi sistemi mövcuddur. Azərbaycanın Türkiyə, Pakistan və İsraillə də güclü əməkdaşlığı var. Azərbaycan hazırkı zamanda Qoşulmama Hərəkatının da aparıcı qüvvəsidir. Onun üçün düşünürəm ki, NATO Baş katibinin Bakıya səfərindən sonra ciddi heç nəyin dəyişəcəyini görə bilmərik”.
Gürcüstanda fəaliyyət göstərən "Şəffaf Qafqaz" Yenidənqurma və İnkişaf Mərkəzinin rəhbəri Mübariz Qarayev də region dövlətlərinin hazırkı vaxtda NATO-ya üzvlüyünün mümkünsüz göründüyünü bildirib:
“Azərbaycan bu gün NATO-da ikinci ən böyük orduya sahib olan Türkiyə ilə müttəfiqdir. Belə olan halda deyə bilərik ki, Azərbaycan NATO-ya üzvlük barədə fikirləşmir. Özünün güclü ordusu, düzgün hesablanmış xarici və daxili siyasəti olan Azərbaycan müstəqil şəkildə hərəkət edir”.
“Heç vaxt müstəqil siyasəti və gücü olmayan Ermənistan isə Rusiyadan qopmaq üçün yollar axtarır. Bu məqsədlə Fransa ilə blok yaratmağa çalışdı, ancaq bu alınmadı və indi isə çıxış yolunu NATO-ya yaxınlaşmaqda görür. Onların bu addımı da mümkün deyil", - ekspert vurğulayıb.
Onun sözlərinə görə, Gürcüstanın da NATO-ya üzvlüyü mümkünsüz görünür: “Gürcüstan hazırda parlament seçkilərinə hazırlaşır. Ölkədə bütün siyasi diqqət bu seçkilərə yönəlib. Gürcüstan yalnız NATO-nun strukturları ilə əməkdaşlığı genişləndirə bilər".