İnfantino mübahisəli investisiya təşəbbüsünə görə üzr istəyib
- 16 oktyabr, 2026
- 07:47
Yeniliklərdən dərhal xəbərdar olun!
Beynəlxalq Futbol Federasiyasının (FIFA) prezidenti Canni İnfantino dünya çempionatının keçirilməsi ilə bağlı hüquqların bir hissəsi müqabilində özəl investisiyaların cəlb edilməsi təşəbbüsünə görə üzr istəyib.
Report ESPN-ə istinadən xəbər verir ki, İnfantino bu barədə oktyabrın 15-də Sürixdə keçirilən FIFA şurasının iclasında danışıb.
İnfantino iclasa investor Coşua Kuşnerlə birlikdə özəl kapital cəlb etmək planının yaratdığı mənfi reaksiyaya görə üzr istəməklə başlayıb. Təşəbbüs barədə məlumat DÇ-2026-nın finalından doqquz gün sonra mediada yayılıb.
FIFA-nın vitse-prezidenti və İngiltərə Futbol Assosiasiyasının rəhbəri Debbi Hyuittin sözlərinə görə, İnfantinonun üzrxahlığı müəyyən peşmanlıqla səslənib.
Bununla yanaşı, avropalı futbol funksionerləri investisiya sxeminin detallarını açıqlayan yazılı sənədlərin təqdim olunmasını tələb ediblər. Buna cavab olaraq FIFA rəhbəri sualların ona yazılı şəkildə göndərilməsini təklif edib.
"Bu şəxs həmin suallara cavab verməlidir. Əgər o cavab verməsə, demək, FIFA prezidenti postuna uyğun namizəd deyil", - deyə Hyuitt bildirib.
Almaniya Futbol İttifaqının rəhbəri Bernd Noyendorf da izahatların olmamasından narazılığını bildirib.
"Aydın cavablar alınmadı. Bizə qüsursuz dürüstlüyə malik olan - təşkilatın itirilmiş nüfuzunu bərpa edə biləcək bir şəxs lazımdır", - o vurğulayıb.
ESPN qeyd edib ki, üç saat yarım davam edən müzakirələr zamanı İnfantino FIFA-nın fəaliyyətinin ən mübahisəli məsələləri üzrə yeni məlumat və sənədlər təqdim etməyib.
İclasın gündəliyinə ABŞ yığmasının hücumçusu Folarin Baloqanın DÇ-2026-dakı diskvalifikasiyasının ləğvi məsələsi də daxil olub.