Gülşən Rzayeva: Azərbaycan yaşayış məntəqələrinin bərpası üçün 4SRP təşəbbüsünü təşviq edir
- 19 may, 2026
- 13:07
Yeniliklərdən dərhal xəbərdar olun!
"Təhlükəsiz qayıdış üçün ağıllı, dayanıqlı yaşayış məskənləri" (4SRP) təşəbbüsünün inklüzivliyi təkcə yaşayış məntəqələrinin bərpası üzrə Azərbaycan modelinin təqdim edilməsindən yox, həm də hərbi münaqişələr yaşamış ölkələrdə maliyyənin cəlb olunması və şəhər layihələrinin keyfiyyətinin artırılması üçün şəraitin yaradılmasından ibarətdir.
"Report" xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) milli əlaqələndiricisinin müavini Gülşən Rzayeva Bakıda WUF13 çərçivəsində keçirilən "Qeyri-sabit və münaqişələrdən zərər çəkmiş ərazilərdə şəhər həlləri vasitəsilə iqlimə sülhyönümlü müsbət təsir" adlı panel sessiyasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, təşəbbüs bərpa prosesində olan dövlətlərin dəstəklənməsinə yönəlib.
G.Rzayeva vurğulayıb ki, 4SRP təşəbbüsü, həmçinin layihələrin beynəlxalq maliyyə institutlarının tələblərinə cavab verməsinə imkan yaradacaq keyfiyyət standartlarının və mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur:
"Bu təşəbbüsün inklüzivliyi, ilk növbədə, Azərbaycan modelini təqdim etməkdən, ikinci növbədə isə bu kimi layihə və həllər üçün maliyyələşməni səfərbər etməkdən, həmçinin layihələrin maliyyə institutlarının tələblərinə cavab verməsi üçün ölkələrə standartlar və keyfiyyət təminatı mexanizmləri vasitəsilə dəstək göstərməkdən ibarətdir".
Onun sözlərinə görə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həm milli maraqlara, həm də beynəlxalq gündəliyə xidmət edən təşəbbüslərin yaradılması üzərində tərəfdaşlarla, o cümlədən Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx koordinasiya şəraitində işləyir.
Standartların yekun olaraq razılaşdırılmasından sonra təşəbbüs inkişafa dair vəzifələr ilə üzləşən ölkələr üçün praktiki alətə çevrilə biləcək, şəhərlər isə lazımi platformalara və həllərə çıxış əldə edəcəklər.
G.Rzayeva, həmçinin qeyd edib ki, 4SRP-yə Azərbaycanda gündəliyi COP-dan WUF-a məntiqi şəkildə davam etdirən "varislik" təşəbbüsü kimi baxılır.