Gələn həftə Bakıda İƏT Əmək Mərkəzinin iclası keçiriləcək
- 19 sentyabr, 2025
- 15:46

Bakıda İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin, nümayəndə heyətlərinin iştirakı ilə Əmək Mərkəzinin İcraiyyə Şurasının iclası və yüksək vəzifəli rəsmilərinin İƏT Əmək Mərkəzinin Baş Assembleyasının 2-ci sessiyasına hazırlıq iclası olacaq.
"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
23-24 sentyabr tarixlərində keçiriləcək tədbirlər təşkilatın fəaliyyəti ilə bağlı mühüm qətnamələrin müzakirəsi və qəbulu məqsədini daşıyır.
Tədbirlər çərçivəsində İƏT-nin Əmək Mərkəzi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə təşkilatçılığı ilə yüksək səviyyəli dəyirmi masa da keçiriləcək.
Xatırladaq ki, İƏT-nin Əmək Mərkəzi 2023-cü ildə Bakı şəhərində üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransı zamanı təsis edilib. İƏT-nin ən gənc institutu olan bu Mərkəz üzv ölkələrin əmək bazarının inkişafı, işçi hüquqlarının müdafiəsi, həmçinin məşğulluq imkanlarının artırılması sahələrində əməkdaşlığın genişləndirilməsində mühüm rola malikdir.