Gela Bejuaşvili: Azərbaycan Cənubi Qafqazda əməkdaşlığa rəhbərlik etmək üçün uyğun ölkədir

Xarici siyasət
  • 01 oktyabr, 2026
  • 11:42
Gela Bejuaşvili: Azərbaycan Cənubi Qafqazda əməkdaşlığa rəhbərlik etmək üçün uyğun ölkədir

Azərbaycan Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın gücləndirilməsi prosesində lider roluna uyğundur.

"Report" xəbər verir ki, bu barədə "Strategy International (SI) Ltd"nin Direktorlar Şurasının üzvü, Gürcüstanın sabiq xarici işlər və müdafiə naziri Gela Bejuaşvili "CAMCA 2026" Regional Forumunda bildirib.

"Mövcud şərait və geosiyasi vəziyyət barədə danışsaq, hesab edirəm ki, Azərbaycan bu prosesə rəhbərlik etmək üçün uyğundur", - o qeyd edib.

G.Bejuaşvilinin sözlərinə görə, Cənubi Qafqazın üç ölkəsi bir-birini tamamlaya və gücləndirə biləcəyi istiqamətləri, sahələri müəyyən etməli, bununla da regionun rəqabət qabiliyyətini artırmalıdır.

O, Cənubi Qafqaz ölkələrinin üstünlüklərini və güclü tərəflərini, eləcə də onların birgə inkişaf imkanlarını müəyyən etmək üçün işçi qrupun yaradılmasını təklif edib.

"Mən əlavə bürokratiyanın yaradılmasının tərəfdarı deyiləm. Biz üstünlüklərimizi və güclü tərəflərimizi, eləcə də bir-birimizi gücləndirə biləcəyimiz sahələri müəyyən edəcək işçi qrupundan başlamalıyıq", - G.Bejuaşvili qeyd edib.

Onun sözlərinə görə, belə bir qrupun fəaliyyətində həm dövlət strukturlarının, həm də özəl sektorun nümayəndələri iştirak etməlidirlər.

G.Bejuaşvili, həmçinin hökumətlərə bu işin təşkilində və əlaqələndirilməsində kömək edə biləcək beynəlxalq konsaltinq təşkilatının cəlb olunmasını təklif edib.

O vurğulayıb ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əvvəllər xəyal kimi qəbul edilən daha sıx institusional qarşılıqlı fəaliyyət ideyası bu gün reallığa çevrilə bilər.