“Fransa-Azərbaycan münasibətlərinin bugünkü mənzərəsində Makron hakimiyyətinin rolu az deyil” - RƏY

Xarici siyasət
  • 12 yanvar, 2023
  • 11:09
“Fransa-Azərbaycan münasibətlərinin bugünkü mənzərəsində Makron hakimiyyətinin rolu az deyil” - RƏY

“Fransa-Azərbaycan münasibətlərinin bugünkü mənzərəsində Makron hakimiyyətinin rolu az deyil”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Hazırda Makron hakimiyyətinin hansısa imperiya hissləri ilə yaşadığını bildirən deputat əlavə edib ki, Fransa özünü böyük bir imperiya zənn edir:

“Fransa Cənubi Qafqazda Rusiyanın rıçaqlarının zəifləməsini münbit şərait kimi qəbul edir və Ermənistandan istifadə etməklə bölgəyə müdaxilə etməyə çalışır. Mübahisələrdən, münaqişələrdən istifadə etməklə hər hansı bölgədə təsir imkanlarını genişləndirməyə cəhd yanlış və səhv addımdır. Bəzi dəyərlərə zidd hərəkət edən hər bir ölkə çox ciddi problemlərlə üzləşəcək. Fransa bölgəmizdəki siyasətində ciddi səhvlərə yol verir və hesab edirəm ki, bu səhvlərin bədəlini ödəyəcək”.

Deputatın sözlərinə görə, erməni diasporası Fransada mövcud siyasi korrupsiya ənənələrindən istifadə edərək Cənubi Qafqazdakı müharibəni davam etdirmək arzusu ilə yaşayır:

“Çünki onlar erməni xalqının faciəsi hesabına zənginləşir və öz təşkilatlarını qoruyub-saxlaya bilirlər”.

“Azərbaycan tərəfi bəhs edilən mövzudakı fikirlərini ilk dəfə deyil ki, dilə gətirir. Müharibə və postmüharibə dövründə Prezident İlham Əliyev dəfələrlə öz siyasəti ilə bağlı açıq-aşkar ictimaiyyəti məlumatlandırıb. Mənə elə gəlir ki, bu cür səmimi açıqlamalardan özü üçün nəticə çıxarmayan ölkələr itirən dövlətlərə çevriləcək”, - A.Mollazadə vurğulayıb.

44 - Tezliklə