Fərhad Məmmədov: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında formatın davamlı olacağına ümid var

Xarici siyasət
  • 23 oktyabr, 2025
  • 11:23
Fərhad Məmmədov: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında formatın davamlı olacağına ümid var
Fərhad Məmmədov

Vaşinqton görüşündən sonra Azərbaycan və Ermənistan arasında artıq müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub.

Bunu "Report"a açıqlamasında Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələrinin İrəvanda keçirilən görüşünün iştirakçısı olan Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin (CQTM) direktoru Fərhad Məmmədov deyib.

O qeyd edib ki, bu görüşün təşkilinə hər iki hökumət səy göstərib:

"Münaqişədən sonra ilk dəfə idi ki, Azərbaycan Hava Yollarına məxsus təyyarə Ermənistanın paytaxtına eniş etdi. Görüş çərçivəsində bir çox məsələlər müzakirə edildi. Onsuz da biz müəyyən beynəlxalq tədbirlər çərçivəsində Ermənistandan olan ekspertlərlə görüşürük. Amma bu görüş sırf ikitərəfli formatda baş tutdu, üçüncü tərəfin nə təşkilatçılıq, nə də təşəbbüs baxımından iştirakı oldu".

Müsahibin sözlərinə görə, avqustun 8-də Vaşinqtonda baş tutan görüşdən sonra artıq elə mühit formalaşıb ki, hökumətlər qarşılıqlı addımlar atır:

"Müəyyən dərəcədə birgə fəaliyyət təmin olunub. Elə bir tarixi şərait yaranıb ki, artıq vətəndaş cəmiyyətləri, ekspertlər, media səviyyəsində də müzakirələrin təşkili aktualdır. Ümid var ki, ikitərəfli format davamlı olacaq, belə görüşlərin təşkili normaya çevriləcək".

Xatırladaq ki, oktyabrın 22-də Ermənistan və Azərbaycanın ekspert icmalarının bir qrup nümayəndəsinin təşəbbüsü və rəsmi strukturların dəstəyi ilə İrəvanda hər iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilib. Dəyirmi masada Ermənistan tərəfindən Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan iştirak ediblər. Azərbaycan tərəfini isə Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İsgəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva təmsil edib.

Son xəbərlər

Bütün Xəbər Lenti