Fayzali İdizoda: Düşənbə və Bakı arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
- 29 oktyabr, 2025
- 11:11
Azərbaycan son 30 ildə beynəlxalq arenada öz mövqelərini ardıcıl olaraq möhkəmləndirir.
"Report"un məlumatına görə, bunu bu gün Bakıda Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş Beynəlxalq Parlament Konfransında çıxış edərkən Tacikistan Ali Məclisi Nümayəndələr Palatasının sədri Fayzali İdizoda bildirib.
"Konstitusiyanın qəbul edilməsinin 30 illiyi sadəcə təntənəli bayram deyil, eyni zamanda Azərbaycan dövlətçiliyinin dayanıqlılığı və yetkinliyinin rəmzidir. Konstitusiya hər bir dövlətin təməlidir. Zaman göstərdi ki, Azərbaycanın Əsas Qanunu təkcə ölkədə deyil, beynəlxalq arenada da sülh və sabitliyin möhkəmləndirilməsi üçün bütün zəruri prinsipləri əhatə edir", - o vurğulayıb.
F.İdizoda, həmçinin Azərbaycan-Tacikistan münasibətlərinin yüksək səviyyəsini vurğulayıb, iki ölkənin liderlərinin rolunu xüsusilə qeyd edib.
"Azərbaycan və Tacikistan arasındakı münasibətlər strateji tərəfdaşlığın nümunəsidir. Onlar liderlərimiz - İlham Əliyev və Emoməli Rəhmonun səyləri və istəkləri sayəsində möhkəmlənir. Dövlət başçıları müntəzəm olaraq qarşılıqlı səfərlər həyata keçirirlər ki, bu da ikitərəfli əməkdaşlığın inkişafına töhfə verir", - o bildirib.
F.İdizodanın sözlərinə görə, iki ölkənin parlamentariləri də Azərbaycan-Tacikistan münasibətlərinin daha da möhkəmləndirilməsi üçün səy göstərirlər.