Erfan Ali: Minatəmizləmə Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişə yol açır
- 03 sentyabr, 2026
- 11:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan minatəmizləmə, mənzil, əsas xidmətlər və bir sıra digər məsələlərin bir-biri ilə əlaqəli istiqamətlər kimi nəzərdən keçirildiyi məqsədyönlü yanaşma nümayiş etdirir.
"Report" xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Regional ofisinin direktoru Erfan Ali Bakıda keçirilən 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə bildirib.
Onun sözlərinə görə, Azərbaycan 18-ci Milli Dayanıqlı İnkişaf Məqsədini uyğunlaşdıraraq, ərazilərin minalarla çirklənməsini əhalinin təhlükəsiz qayıdışı, köçürülməsi, bərpası, rifahı və sülhün təmin edilməsi üçün ciddi maneə kimi qəbul edərək mühüm addım atıb.
"Bu, həm də Azərbaycanın hüdudlarından kənara çıxan mühüm bir mesaj verir. Minatəmizləmə inkişafın sürətləndiricisidir və son nəticədə bütün Dayanıqlı İnkişaf Məqsədləri üzrə irəliləyişə yol aça bilər", - E.Ali qeyd edib.
O, bu yanaşmanın "Böyük Qayıdış" proqramının həyata keçirilməsi və Qarabağ ilə Şərqi Zəngəzurun davam edən bərpası üçün xüsusi əhəmiyyətini vurğulayıb: "Məqsəd təkcə torpağı təhlükəsiz etmək deyil, həm də icmaları, iqtisadi imkanları bərpa etməkdir".
E.Ali əlavə edib ki, bu cür yanaşma UN-Habitat-ın Şərqi Avropa, Yaxın Şərq və Afrikadakı qlobal fəaliyyəti çərçivəsində gəldiyi nəticələrə uyğundur.
E.Ali, həmçinin qeyd edib ki, UN-Habitat ANAMA, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Azərbaycanın digər dövlət qurumları, bələdiyyələr və BMT-nin ölkə komandası ilə əməkdaşlığı dərinləşdirmək niyyətindədir.
Onun sözlərinə görə, əməkdaşlıq minatəmizləmə fəaliyyətinin daha da inkişaf etdirilməsinə, şəhər siyasətinin və xüsusi strategiyaların təkmilləşdirilməsinə, eləcə də milli şəhər siyasəti, "Böyük Qayıdış" proqramı və sonrakı bərpa layihələri arasında qarşılıqlı əlaqənin gücləndirilməsinə yönəlib.