Ərdoğanın müşaviri: "Zəngəzur dəhlizi ticarətin həcmini yüksəldəcək layihədir"
- 26 oktyabr, 2021
- 15:25
Yeniliklərdən dərhal xəbərdar olun!
Türkiyə Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri, Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü, Yeditəpə Universitetinin Hüquq fakültəsinin professoru Mesut Hakkı Caşın bu gün Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə açılışı olan Füzuli Beynəlxalq Hava Limanı və təməli qoyulan Zəngəzur dəhlizi haqqında "Report"un yerli bürosuna eksklüziv açıqlama verib.
Mesut Hakkı Caşın bildirib ki, Azərbaycan rəhbərliyinin siyasi, diplomatik və hərbi iradəsi nəticəsində bugünkü hadisələrə şahidlik edirik:
"Təkcə 44 günlük müharibə zamanı yox, atəşkəsdən sonrakı dövrdə də Azərbaycan rəhbərliyinin möhkəm iradəsi və rəşadətli Azərbaycan Ordusunun gücü sayəsində bu gün baş verən tarixi anlara şahidlik edirik. Füzuli Hava Limanı Azərbaycanın Qarabağ üzərindən də dünyaya açılan pəncərəsi olacaq. Burada ən vacib məqamlardan biri də gələcəkdə iqtisadi mənada Azərbaycanı gücləndirən potensialın dəyərləndirilməsidir".
Zəngəzur dəhlizinin önəminə toxunan Caşın Türkiyənin buradakı rolundan danışıb:
"Türkiyə və Rusiyanın zəmanəti altında açılacaq Zəngəzur dəhlizi region ölkələrini bir-birinə bağlayan və ticarətin həcmini yüksəldəcək layihədir. Bu gün təməli qoyulan Zəngəzur dəhlizi bütün türk millətinə, qardaş Azərbaycana xeyirli, uğurlu olsun!"