Elnur Məmmədov YUNESKO Baş Konfransının 43-cü sessiyasında iştirak edib
- 06 noyabr, 2025
- 17:49
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Özbəkistanın Səmərqənd şəhərində UNESCO Baş Konfransının 43-cü sessiyasına qatılıb.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sessiya çərçivəsində nazir müavini 6 noyabr tarixində təşkilatın yeni baş direktorunun seçkilərində səsvermədə iştirak edib. Seçkilər nəticəsində Misir Ərəb Respublikasından olan namizəd Xalid El-Enani səs çoxluğu ilə UNESCO-nun yeni baş direktoru seçilib.
Səfər zamanı Elnur Məmmədov Baş Konfransın yeni sədri Xondker Mohammad Talha və UNESCO İcraiyyə Şurasının sədri Vera Laköy ilə görüşlər keçirib.
Görüşlər zamanı Azərbaycanın UNESCO-nun idarəetmə orqanlarının fəaliyyətində oynadığı aktiv rol, təşkilata verdiyi mühüm töhfələr və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.