Əli Əsədov: Antidempinq tədbirləri Aİİ-yə ixracımızı əhəmiyyətli dərəcədə azalda bilər
- 30 sentyabr, 2025
- 15:31

Azərbaycanın Baş naziri Əli Əsədov Minskə işgüzar səfəri çərçivəsində bu gün Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında qonaq qismində iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
İclasda çıxış edən Baş nazir Ə.Əsədov iqtisadi-ticari əməkdaşlığı Azərbaycanın Aİİ üzv ölkələri ilə əlaqələrinin fundamental vektoru kimi dəyərləndirib.
O qeyd edib ki, 2025-ci ilin ilk səkkiz ayında Azərbaycanın Aİİ üzv ölkələri ilə ticarət dövriyyəsi 22%-dən çox artıb.
Baş nazir investisiya qarşılıqlı fəaliyyətinin müsbət dinamikasını qeyd edib:
"Aİİ üzv ölkələrindən olan tərəfdaşlarımızın biznesləri Azərbaycan iqtisadiyyatının bir çox sahələrində geniş şəkildə təmsil olunur. Buna ölkədəki etibarlı və şəffaf investisiya mühiti kömək edir. Azərbaycan investorları Aİİ üzv dövlətlərində sənayenin geniş spektrini əhatə edən və onların iqtisadiyyatlarının inkişafına töhfə verən layihələri fəal şəkildə həyata keçirirlər".
Nəqliyyat-tranzit sektorunda əməkdaşlığa toxunan Ə.Əsədov bildirib ki, bu, qarşılıqlı ticarətin, investisiyaların artırılması, yeni iqtisadi imkanların inkişafı üçün mühüm potensiala malik olduğu üçün gündəlikdə xüsusi yer tutur.
"Avropa və Asiyanın kəsişməsində yerləşən və müasir infrastruktura malik Azərbaycan region ölkələri və tərəfdaşlarımız üçün yeni imkanlar yaradan etibarlı nəqliyyat və logistika habına çevrilib", - deyə o qeyd edib.
Ə.Əsədov Orta Dəhlizin əhəmiyyətini də vurğulayıb. O qeyd edib:
"Son üç ildə bu dəhliz üzrə Azərbaycan ərazisindən keçən yükdaşımaların həcmi demək olar ki, 90% artıb ki, bu da onun artan səmərəliliyinin və daha çox tələbat olmasının inandırıcı sübutudur".
Xəzəryanı beş dövlətin hamısının, o cümlədən İran nümayəndələrinin iclasda iştirak etdiyini nəzərə alaraq, Ə.Əsədov Xəzər dənizinin dayazlaşması məsələsinə də diqqət çəkib:
"Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə BMT kürsüsündə bu məsələnin vacibliyini bir daha vurğuladı. Təəssüf ki, Xəzər dənizinin ekoloji vəziyyəti sürətlə pisləşir. Xəzər regionunda potensial ekoloji fəlakətin qarşısının alınması Xəzəryanı ölkələrin təcili birgə səylərini tələb edir. Azərbaycan əvvəllər əldə edilmiş razılaşmalara sadiq qalaraq, bu problemin birgə həlli yollarını tapmaq üçün əməkdaşlığı gücləndirməyə hazırdır".
Baş nazir həmçinin Aİİ çərçivəsində başlanan antidempinq təhqiqatlarını qeyd edib.
O, Azərbaycan mənşəli mallara – daha dəqiq desək, polietilen, polipropilen və propilen sopolimerlərə münasibətdə təhqiqatları, habelə alüminium lentləri ilə bağlı təkrar təhqiqatı xatırladıb.
Əli Əsədov qeyd edib ki, qeyd olunan mallara antidempinq tədbirləri tətbiq edilərsə, Azərbaycanın Aİİ-yə ixracının ümumi həcmi əhəmiyyətli dərəcədə azala bilər:
"Bu prosesdə iştirak edən Azərbaycan şirkətləri əməkdaşlığa açıqdır. Ümid edirik ki, araşdırmalar mümkün qədər real faktlara əsaslanacaq və nəticə Azərbaycanın Aİİ ölkələri ilə həm çoxtərəfli, həm də ikitərəfli səviyyədə ticarət əməkdaşlığına heç bir real ziyan vurmayacaq".
