Elçin Allahverdiyev: Azərbaycan COP31 üçün uğurlu nümunədir

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 11:50
Elçin Allahverdiyev: Azərbaycan COP31 üçün uğurlu nümunədir

Azərbaycan COP31 üçün uğurlu nümunədir.

"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin iqlim diplomatiyası idarəsinin rəisi Elçin Allahverdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsində (CW4) deyib.

Onun sözlərinə görə, Azərbaycan uğurlu diplomatik siyasət həyata keçirir:

"COP29-a ev sahibliyi etmək də uğurlu idarəetmənin bir nümunəsi idi. Biz, bu sahədə nisbətən yeni olan bir ölkə kimi bu öhdəliyə çox ciddi yanaşdıq və ilk növbədə, çox yaxşı hazırlıq gördük. Bütün tərəflərlə və beynəlxalq təşkilatlarla əlaqələr qurduq və prosesimizi ilk gündən mümkün qədər inklüziv etdik. Bu isə tərəflər və qeyri-tərəflər arasında etimad yaratmağımıza kömək etdi. Sədrliyimiz zamanı etibarlı tərəf kimi çıxışlarımız olub. Azərbaycan da üzərinə düşən öhdəlikləri layiqincə yerinə yetirib".

E.Allahverdiyev əlavə edib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi öz üzərinə düşən işi çox uğurla yerinə yetirib:

"Gündəliyimizdə şəffaflığa üstünlük verdik və şəffaflıq hesabatını son tarixdən əvvəl təqdim etdik. Bu, digər ölkələri də təşviq etməyimizə və COP-un sonuna qədər 100-dən çox hesabatın təqdim olunmasına nail olmağımıza kömək etdi. Bu, digər tərəflər arasında etimad yaratdı və onları öz hesabatlarını təqdim etməyə inandırmağa imkan verdi. İndi şəffaflıq hesabatlarının ikinci mərhələsinə hazırlaşırıq, COP30 və COP31 sədrliyi ilə əməkdaşlıq edərək digər tərəfləri də bu prosesə töhfə verməyə təşviq edirik. İnanıram ki, Azərbaycanın rolu və əldə etdiyi uğurlar COP31-in uğuru üçün də bir model kimi qəbul ediləcək. Qardaş Türkiyəyə uğur arzulayıram".

Qeyd edək ki, COP31 bu ilin noyabrında Türkiyənin Antalya şəhərində keçiriləcək.