Ekspert: Slovakiyaya qaz ixracı Azərbaycanın Aİ-nin etibarlı enerji tərəfdaşı kimi rolunu möhkəmləndirir
- 16 dekabr, 2025
- 13:57
Azərbaycan Prezidenti İlham Əliyevin Bratislavaya səfəri sadəcə diplomatik jest deyil, konkret iqtisadi fürsətdir.
Bunu "Report"un Şərqi Avropa bürosuna Slovakiyadan olan enerji sahəsi üzrə müstəqil beynəlxalq ekspert Vladislav Antipin bildirib.
O qeyd edib ki, danışıqlar əsasən illik 1-2 milyard kubmetrə çata biləcək təbii qaz tədarükü üzərində fokuslanıb ki, bu da Slovakiyanın enerji diversifikasiyasını və sənaye üçün qiymət sabitliyini təmin edə bilər.
"Qazdan əlavə, səfər enerji infrastrukturuna, bərpa olunan enerji mənbələrinə, hidrogen texnologiyalarına və sənaye modernləşdirilməsinə investisiyalar daxil olmaqla, daha geniş iqtisadi əməkdaşlıq üçün imkan yaratdı ki, bu da orta müddətdə yüz milyonlarla avroya bərabər ola bilər".
Ekspert hesab edir ki, Slovakiya üçün bu, daha güclü enerji təhlükəsizliyi, sənaye sektorunun rəqabət qabiliyyətinin yaxşılaşdırılması və yeni ixrac imkanları deməkdir.
"Azərbaycan üçün isə bu, Avropa İttifaqının etibarlı iqtisadi və enerji tərəfdaşı kimi rolunu möhkəmləndirir və Mərkəzi Avropa bazarlarında mövcudluğunu gücləndirir. Ümumiyyətlə, səfər siyasi dialoqun ölçülə bilən iqtisadi nəticələrə çevrilməsi üçün zəmin yaratdı" - deyə, o, əlavə edib.