Ekspert: “Azərbaycanın suverenliyinə yanaşma beynəlxalq hüquq çərçivəsində olmalıdır”
- 07 avqust, 2023
- 13:18
Yeniliklərdən dərhal xəbərdar olun!
“Beynəlxalq ictimaiyyətin suveren dövlətin fəaliyyətini tənzimləmək, onun sərhədindən nəyin keçib, nəyin keçməyəcəyinə qərar vermək cəhdləri qəbuledilməzdir və Azərbaycana münasibətdə ikili standartların təzahüründən başqa bir şey deyil. Suveren hüquqlara yanaşmalar beynəlxalq hüquqa zidd deyil, onun çərçivəsində olmalıdır”.
“Report” xəbər verir ki, bunu beynəlxalq əlaqələr üzrə pakistanlı analitik Xalid Taymur Əkrəm Laçın yolundakı sərhəd-buraxılış məntəqəsi ətrafında yaranmış vəziyyəti şərh edərkən deyib.
Ekspert qeyd edib ki, Azərbaycanın Laçın sərhəd-buraxılış məntəqəsi vasitəsilə əvvəlcədən razılaşdırılmamış yük avtomobilləri karvanının keçməsinə icazə verməməsi ölkənin hüququdur: “Azərbaycan Qarabağın erməni sakinlərinin humanitar yüklərlə təmin edilməsi üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edib”.
"Azərbaycan dəfələrlə humanitar yüklərin daşınması üçün alternativ yoldan istifadə etməyi təklif etsə də, Qarabağdakı separatçılar nümayişkaranə şəkildə bu yolu beton bloklarla bağlayıblar. Ermənistandan gələn istənilən yükün onun ərazisinə buraxılıb-buraxılmaması ilə bağlı qərarın verilməsi məhz Azərbaycanın suveren hüququdur. Yəni başqa heç bir ölkənin onun daxili işlərinə qarışmaq hüququ yoxdur” , - o bildirib.
T.Əkrəmin sözlərinə görə, bu gün Azərbaycanın sərhədlərinə nəzarət hüququna etiraz edən eyni təşkilatlar və ölkələr 2014-cü ildə Donbasa humanitar karvan göndərmək istəyən Rusiyadan Ukraynanın ərazi bütövlüyünə və onun suverenliyinə hörmətlə yanaşmağı tələb edirdilər: “2014-cü ildə hətta Rusiya Ukraynanın bu ərazilərini işğal etməmişdən əvvəl humanitar yardım adı altında Ukraynanın Donetsk və Luqansk vilayətlərinə hərbi yüklərin daşınmasına cəhd göstərib. Şübhəli yüklərin olduğu Ermənistana məxsus çoxsaylı yük maşınlarının Azərbaycandan keçirilməsini tələb edən bu ölkələr 9 il əvvəl Moskvadan Ukraynanın suverenliyinə hörmətlə yanaşmağı tələb ediblər. Beynəlxalq ictimaiyyət və müxtəlif ölkələr eyni yanaşmanı Bakı, Kiyev, Moskva və İrəvana da tətbiq etməlidir”.