Ekspert: "Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir"

Xarici siyasət
  • 26 fevral, 2019
  • 11:50
Ekspert: Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir
Report/Firi Salim

Bakı. 26 fevral. REPORT.AZ/ "Azərbaycan Ordusu regionun ən inkişaf etmiş ordularından biridir, effektiv və döyüş qabiliyyətlidir".

"Report" xəbər verir ki, bunu Azərbaycan-Rusiya münasibətlərinə həsr olunmuş mətbuat konfransında rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O qeyd edib ki, bu gün dünyada çox çətin hərbi-siyasi vəziyyət yaranıb: "Azərbaycan Rusiyanın mühüm hərbi-texniki tərəfdaşlarından biridir. Bu əməkdaşlıq kiməsə qarşı yönəlməyib. O, Azərbaycanın suverenliyi və müstəqilliyinin müdafiəsinə yönəlib".

İ.Korotçenkonun sözlərinə görə, Xəzəryanı ölkələrin özləri regionun təhlükəsizliyini təmin etməlidirlər: "Xəzər regionunda heç bir xarici oyunçu olmamalıdır - nə ABŞ, nə Böyük Britaniya, nə də NATO. Xəzərin təhlükəsizlik zonası olaraq qalması bizim üçün vacibdir. Elə bu səbəblə də Xəzər dənizinin statusu haqqında konvensiyanı imzaladıq".