Əfqanıstan üzrə TŞ katiblərinin görüşü fevralın 8-də keçiriləcək
- 07 fevral, 2023
- 16:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Əfqanıstan üzrə Təhlükəsizlik Şurası katiblərinin beşinci çoxtərəfli görüşü fevralın 8-də Moskvada keçiriləcək.
Bu barədə “Report” Rusiya Təhlükəsizlik Şurasının (TŞ) aparatının mətbuat xidmətinə istinadən xəbər verir.
Məlumata görə, görüşdə Əfqanıstandakı vəziyyətin həllinə istiqamətlənməklə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Rusiya TŞ-nin məlumatına görə, müzakirələrdə Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndələri iştirak edəcək.
Daha əvvəl Rusiya TŞ-nin katibi Nikolay Patruşev MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin görüşü zamanı Əfqanıstanın hazırkı hakimiyyətinin hələ də ABŞ üzərində qələbənin eyforiyası ilə yaşadıqlarını bildirmişdi.
Xatırladaq ki, 2021-ci il avqustun 15-də dünyanın bir çox ölkəsi tərəfindən terror təşkilatı kimi tanınan “Taliban” hərəkatının nümayəndələri paytaxt Kabili ələ keçirib və ertəsi gün müharibənin bitdiyini elan ediblər. Avqustun 31-nə keçən gecə son ABŞ hərbçiləri Kabil hava limanını tərk edib. Sentyabrda ölkədə Məhəmməd Həsən Axundun başçılığı ilə müvəqqəti hökumət yaradılıb.