Deputat: XII Qlobal Bakı Forumunda nüfuzlu qonaqların iştirakı tədbirin nəhəng intellektual potensialına dəlalət edir
- 14 mart, 2025
- 12:16
Yeniliklərdən dərhal xəbərdar olun!
XII Qlobal Bakı Forumunda nüfuzlu qonaqların iştirakı tədbirin nəhəng intellektual potensialına dəlalət edir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan dünyada nüfuzlu ölkə və etibarlı tərəfdaş kimi tanınır:
"Bu səbəbdəndir ki, mötəbər beynəlxalq tədbirlərin əsas ünvanı da elə ölkəmizdir. Dünyada yaranan müasir çağırışlar, mövcud problemlər Azərbaycanın təşəbbüs və iştirakı ilə müzakirə olunur, həlli yolları axtarılır. Bu baxımdan Azərbaycanda “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu qlobal müzakirə platforması hesab oluna bilər.
Deputat Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) mühüm beynəlxalq platforma olduğunu söyləyib, Qlobal Bakı Forumunun ənənəvi olaraq hər il keçirildiyini bildirib:
“İndiyədək keçirilən forumlarda yüzlərlə nüfuzlu xarici qonaqlar təmsil olunub. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Budəfəki tədbirin də qonaqları arasında dünyanın müxtəlif ölkələrinin prezidentləri, Baş nazirləri, nazirləri, parlamentariləri, həmçinin sabiq dövlət və hökumət rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri var. Bu, həqiqətən də Forumun nəhəng intellektual potensialına dəlalət edir”.
S.Salmanova vurğulayıb ki, azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir:
“Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimizin öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur".