David Aptsiauri: Azərbaycan Prezidentinin Gürcüstana səfəri mühüm əhəmiyyət kəsb edir
- 06 aprel, 2026
- 14:07
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Prezidentinin Gürcüstana səfəri, şübhəsiz ki, əhəmiyyət kəsb edir və iki ölkə arasında mövcud olan qardaşlıq və dostluq münasibətlərinin ənənəvi xarakterini əks etdirir.
"Report"un Tbilisiyə ezam olunmuş müxbirinin məlumatına görə, bunu təxminən 30 illik iş təcrübəsinə malik diplomat, beynəlxalq iqtisadi münasibətlər və iqtisadi diplomatiya sahəsində ekspert David Aptsiauri jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iki ölkənin liderlərinin hər görüşü vacibdir:
"Həmişə müzakirə olunacaq məsələlər var. Bu gün ikitərəfli əməkdaşlıq məsələləri ilə yanaşı, regiondakı vəziyyət və qlobal risklərlə bağlı məsələlərin nəzərdən keçirilməsi xüsusilə aktualdır, həmçinin Azərbaycan və Gürcüstanın qarşılıqlı əməkdaşlıq əsasında bu risklərin minimuma endirilməsinə necə töhfə verə biləcəyini müəyyən etmək lazımdır. Bu, milli və regional miqyasda inkişaf üçün son dərəcə vacibdir".
Diplomat vurğulayıb ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, xüsusilə iqtisadi sektorda müsbət əməkdaşlıq nümunəsidir:
"Bu gün hər iki ölkənin geosiyasi çəkisi və ikitərəfli fəaliyyət formatı qlobal layihələrdə iştirak da daxil olmaqla yeni miqyas qazanır. Orta Dəhlizin inkişafı və bu layihənin praktiki həyata keçirilməsi səfərin əsas mövzularından biri olacaq".
D.Aptsiauri qeyd edib ki, səfər ənənəvi və qardaşlıq səfəri olsa da, onun əhəmiyyəti yalnız ikitərəfli dialoq çərçivəsindən xeyli kənara çıxır.