Ana Toni: Bakı İqlim Həftəsindən gözləntilər böyükdür

Xarici siyasət
  • 07 sentyabr, 2026
  • 10:38
Ana Toni: Bakı İqlim Həftəsindən gözləntilər böyükdür

COP30-un icraçı direktoru Bakı İqlim Həftəsindən gözləntisinin böyük olduğunu bildirib.

"Report"un məlumatına görə, bunu COP30-un icraçı direktoru (CEO), Braziliyanın Ətraf Mühit və İqlim Dəyişikliyi Nazirliyinin İqlim Dəyişikliyi üzrə Milli Katibi Ana Toni Bakıda keçirilən Dördüncü İqlim Həftəsi çərçivəsində "Enerji Keçidi, İqlim Maliyyələşməsi və Sənaye Karbonsuzlaşdırılması" mövzusuna həsr olunmuş tədbirdə deyib.

O, COP31-də iştirakçı ölkələrin iqlim problemlərinin həllinə yaxınlaşacaqlarına inandığını vurğulayıb:

"Həmrəyliyimizi göstərməyə hazırıq. Əminəm ki, COP31-də də məsələlər aydın müzakirə olunacaq və həllə yaxınlaşacaq. COP30-da 194-ə yaxın ölkə ilə birgə 56-ya yaxın qərar qəbul olunub. COP31-də də eyni əzmkarlığı görəcəyimizə əminik".

A.Toni həllərə yönümlü danışıqların aparılmasının əhəmiyyətinə də toxunub:

"Sürətlə dəyişən dünyada yaşayırıq. Nepalda baş verənlər bunun bariz nümunəsidir. Amma dəyişiklik etmək bizim əlimizdədir. Bu baxımdan, Bakı İqlim Həftəsindən gözləntim böyükdür".