Çinli ekspert: Asiya ölkələri iqtisadi inkişaf bayrağı altında birləşməyi üstün tutur

Xarici siyasət
  • 09 sentyabr, 2025
  • 11:09
Çinli ekspert: Asiya ölkələri iqtisadi inkişaf bayrağı altında birləşməyi üstün tutur

Asiya ölkələri müharibə və münaqişələr əvəzinə, iqtisadi inkişaf bayrağı altında birləşməyi üstün tutur. 

"Report" xəbər verir ki, bunu Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Elmi-Məsləhət Şurasının sədri Yang Jiemian Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessisyası çərçivəsində keçirilən "İnkişaf vasitəsilə təhlükəsizliyin təşviqi - Asiyada təhlükəsizlik idarəçiliyinə yeni yanaşmaların araşdırılması" mövzusunda keçirilən toplantıda deyib.

Onun sözlərinə görə, Çinin irəli sürdüyü "İnkişaf yolu ilə təhlükəsizliyi təşviq etmək konsepsiyası" Asiyanın ehtiyaclarına və arzularına cavab verir:

"Bu konsepsiya getdikcə daha çox Asiya ölkələri və xalqları tərəfindən dəstəklənir və bölüşülür. Bu çərçivə dayanıqlı inkişafı uzunmüddətli təhlükəsizliyin təməl daşı kimi qəbul edir. Bu yanaşma münaqişələri azaltmaq və sabitliyi möhkəmləndirmək üçün iqtisadi artımı, texnoloji əməkdaşlığı və inklüziv idarəetməni vurğulayır".

Y.Jiemian bildirib ki, sülhə, inkişafa və qarşılıqlı faydalı əməkdaşlığa nail olmaq asan deyil:

"Hələ də geosiyasi müqavimət və rəqabət, həmçinin inkişaf-təhlükəsizlik əlaqələrinin daha güclü institusionallaşdırılmasına ehtiyac kimi problemlər qalır. Ən əsası isə inkişaf yolu ilə təhlükəsizliyin təşviqi konsepsiyası və təcrübəsi artıq Asiyadan qlobal cənuba və dünyanın digər bölgələrinə yayılır".

Çinli ekspert vurğulayıb ki, dünya rəqəmsal dövrə daxil olur:

"Bu, ikitərəfli təsirə malikdir. Bir tərəfdən insanlığa, o cümlədən Asiyaya, daha sürətli və yaxşı irəliləmək imkanı yaradır. Digər tərəfdən isə yeni problemlər yaradır. Mən tez-tez tələbələrimə deyirəm ki, kompüteri insan beyni idarə etməlidir, yoxsa kompüter insan beynini deyil. Ona görə də gəlin yeni imkanlardan, ideyalardan istifadə edərək ölkəmizi, bölgəmizi və dünyamızı daha yaxşı və dayanıqlı bir məkana çevirək".