Çarlz Lenjo: Minatəmizləmədə qurumlararası kommunikasiya olmasa, görülən işlər nəticə verməyəcək
- 03 sentyabr, 2026
- 11:42
Yeniliklərdən dərhal xəbərdar olun!
Minatəmizləmə zamanı qurumlar arasında düzgün kommunikasiya qurulmasa, görülən işlər nəticə verməyəcək.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Sülhü Dəstəkləmə Təlim Mərkəzinin direktoru Çarlz Lenjo Mvaziqhe "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransı çərçivəsində keçirilən "Minalardan Təsirlənmiş Şəhər Bərpasında Siyasət İnteqrasiyası" adlı panel sessiyada deyib.
Onun sözlərinə görə, minatəmizləmə sahəsində qurumlararası əməkdaşlıq önəmlidir: "Kommunikasiya, əməkdaşlıq doğru qurulsa, proses daha sürətli irəliləyər. Təlimlər keçirilməli, komandalar düzgün qruplaşdırılmalı və planlı hərəkət edilməlidir. Əsas olan potensial deyil, onu istifadə edə bilməkdir. Bunun üçün qurumlar koordinasiya sistemi yaratmalıdır".
Çarlz Lenjo Mvaziqhe problemin həlli üçün bir neçə təkliflə çıxış edib: "Hərbi, ətraf mühitin mühafizəsi üzrə qurumlar əlaqəyə keçməlidir və bu mövzuda birlik olmalıdır. Torpaqlar təmizlənərkən ətraf mühitin təhlükəsizliyi mütləq nəzərə alınmalıdır. Bunun üçün bir sıra razılaşmalar, danışıqlar aparılmalıdır".