Çad WUF13-də mənzil sektorunun maliyyələşdirilməsi üzrə yeni paktın imzalanmasına çağırıb
- 17 may, 2026
- 10:58
Yeniliklərdən dərhal xəbərdar olun!
Çad ev təsərrüfatlarının kreditlərə çıxışının asanlaşdırılmasını, eləcə də yerli və dayanıqlı tikinti materiallarından istifadənin stimullaşdırılmasını nəzərdə tutan mənzil sektorunun maliyyələşdirilməsi üzrə yeni pakt təşəbbüsü ilə çıxış edir.
"Report" xəbər verir ki, bu barədə Çadın ərazi planlaşdırılması, mənzil tikintisi və şəhər inkişafı naziri Mahamat Assilek Halata Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində nazirlərin dəyirmi masasında bildirib.
Nazirin sözlərinə görə, Saharadan cənubdakı Afrika ölkələrində mənzil böhranı əhalinin sürətli artımı, qeyri-rəsmi yaşayış məskənlərinin genişlənməsi və baza infrastrukturunun çatışmazlığı ilə bağlıdır.
"İnsanlar son dərəcə ağır şəraitdə - içməli suya, elektrik enerjisinə və əsas xidmətlərə çıxışı olmadan yaşamağa məcburdurlar. Bu, aktiv dövlət tədbirləri tələb edən ciddi sosial problemdir", - o qeyd edib.
M.Halata vurğulayıb ki, Çad Prezidenti Mahamat İdris Debi mənzil məsələsinin həllini dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edib: "Bununla əlaqədar olaraq, hakimiyyət xaotik və qeyri-rəsmi tikintilərin miqyasını azaltmaq üçün iri şəhərlərdə sosial mənzil proqramlarına başlayır".
Nazir bildirib ki, Çad sıfır karbon izi olan dayanıqlı mənzil tikintisini inkişaf etdirmək və ekoloji standartları tətbiq etmək niyyətindədir: "Paralel olaraq, nəqliyyat şəbəkəsinin, yol infrastrukturunun və ticarət zonalarının inkişafını nəzərdə tutan müasir çoxfunksiyalı şəhər mərkəzi layihəsi həyata keçirilir".
Onun sözlərinə görə, innovativ maliyyə mexanizmlərinin tətbiqinə xüsusi diqqət yetirilir: "Biz əhalinin mənzil kreditlərinə çıxışını asanlaşdırmağa imkan verəcək, tikintidə yerli və dayanıqlı materialların istifadəsini dəstəkləyəcək yeni beynəlxalq paktın yaradılmasına çağırırıq. Çad həmçinin şəhərlərimizin Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə sadiqliyini təsdiqləyir".
Nazir həmçinin qeyd edib ki, ölkə iqlim dəyişikliyi və daxili miqrasiya ilə bağlı əlavə çağırışlarla üzləşir.
Bundan əlavə, M.Halata əlçatan mənzil sahəsində praktiki həll yollarının işlənib hazırlanması üçün Çadın beynəlxalq müzakirələrin növbəti mərhələsini qəbul etməyə hazır olduğunu bildirib.