Boçorişvili: Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası hər iki tərəfin maraqlarını nəzərə alır
- 24 noyabr, 2026
- 19:12
Yeniliklərdən dərhal xəbərdar olun!
Gürcüstan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası prosesi hər iki tərəfin maraqları maksimum dərəcədə nəzərə alınmaqla və qarşılıqlı hörmət əsasında həyata keçirilir.
"Report" xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili bu gün Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, sərhədin delimitasiyası və demarkasiyası üzrə müvafiq komissiya müntəzəm əsasda işləyir və iclaslar keçirir.
"Bu proses çərçivəsində əməkdaşlıq həyata keçirilir. Bu yaxınlarda arxiv materialları ilə bağlı məsələlər üzrə təmasda olmuşam. Hər iki tərəf bu prosesin irəliləməsi üçün çalışır və biz, şübhəsiz ki, bu istiqamətdəki irəliləyişi alqışlayırıq", – Boçorişvili qeyd edib.
O, həmçinin bu istiqamətdə işlərin bunun üçün nəzərdə tutulmuş formatda davam etdirilməli olduğunu vurğulayıb.