BMTM təmsilçisi: Yeni Asiya nizamının formalaşması qadın və kişilərin birgə çalışmağından asılıdır
- 10 sentyabr, 2025
- 14:22

Yeni Asiya nizamı ancaq o zaman formalaşacaq ki, qadın və kişilər bunun üçün birlikdə çalışacaqlar.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı AQEM Beyin Mərkəzləri Forumunun 13-cü görüşü çərçivəsində "Yeni Asiya Nizamının Formalaşması" mövzusunda keçirilən yan tədbirdə deyib.
O qeyd edib ki, Azərbaycanda siyasətdə də qadınların ən yüksək səviyyələrdə vəzifələr tutur:
"Mərkəzi Asiya ölkələrində də qadınlar vacib rol oynayırlar, innovativ gələcəyə doğru addımlayırlar. Ümumiyyətlə, qadınlar sosial möhkəmliyin nümunəsidirlər. Ancaq təəssüf ki, heç də həmişə onların bu töhfələri öz dəyərini tapmır. Həqiqət ondan ibarətdir ki, yeni Asiya nizamında qadınların aktiv iştirakı təmin olunmalıdır. Çünki bəzi Asiya ölkələrində qadınlar parlamentin 20 faizini təşkil edirlər, bəzi ölkələrdə isə yüksək vəzifə tutan qadınların sayı heç də az deyil".
Çıxışcının fikrincə, sülh və təhlükəsizlik, iqtisadi inkişaf və dayanıqlılıq gələcəyin vacib elementləridir və bunların hər birində qadınlar aktiv iştirak etməlidirlər:
"Onlar ailələrin, icmaların qorunması kimi vacib məsələləri təbliğ edirlər. Azərbaycanda da qadınlar münaqişədən sonrakı dövrdə icmaların qurulmasında yaxından iştirak ediblər. Qadınlar iqtisadiyyatın da dəyişməsində fəal rol oynayırlar. Əvvəldə qeyd olunan problemləri həll etmək üçün biz keyfiyyətli təhsili hər kəs üçün əlçatan etməli, stereotipləri aradan qaldırmalıyıq. Bütün AQEM ailəsində bu məsələlərin müzakirəsinə yer verilməli, qadınların səsi eşidilməlidir".