BMT rəsmisi: Azərbaycan vacib məsələləri prioritetləşdirmək nümunəsi göstərir

Xarici siyasət
  • 22 may, 2026
  • 12:32
BMT rəsmisi: Azərbaycan vacib məsələləri prioritetləşdirmək nümunəsi göstərir

Dünyada gedən çətin proseslər çərçivəsində Azərbaycan vacib məsələləri prioritetləşdirmək nümunəsi göstərir.

"Report" xəbər verir ki, bunu BMT-nin Avropa Iqtisadi Komissiyası (UNECE) Baş katibinin müavini Dmitri Mariyasin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Şəhərsalmada İqlim hədəflərinə nail olmaq üçün Strateji Ətraf Mühitin Qiymətləndirilməsi vasitə kimi" adlı sessiyada deyib.

Onun sözlərinə görə, Azərbaycanın liderliyi yüksək qiymətləndirilir:

"Dünyada gedən çətin proseslər çərçivəsində Azərbaycan vacib olan məsələləri prioritetləşdirmək nümunəsi göstərir: yaşıl inkişafı, dayanıqlı şəhərləri və gələcəyimiz, uşaqlarımız üçün düzgün qərarlar qəbul etməyi ön plana çıxarır. WUF13-ün uğurla təşkilinə görə Azərbaycana bir daha təbriklərimi çatdırıram".

BMT rəsmisi qeyd edib ki, şəhərsalmada strateji ekoloji qiymətləndirmənin rolu həm aktual, həm də son dərəcə vacibdir:

"Xüsusilə, ölkələr sürətlə şəhərləşdiyi, iqtisadiyyatlarını inkişaf etdirdiyi, demoqrafik dəyişikliklər yaşadığı və eyni zamanda, iqlim dəyişikliyinin nəticələri ilə üzləşdiyi bir dövrdə bu, daha da önəm qazanır.

Şəhərlər bu gün həm problemlərin, həm də imkanların mərkəzidir. Onlar inkişafın, innovasiyanın və sənayenin mərkəzidir, amma, eyni zamanda, istixana qazlarının emissiyası və çirklənmənin də əsas mənbələrindəndir".

D.Mariyasin deyib k, şəhərlərin bu gün necə planlaşdırılması gələcək nəsillər üçün təkcə ekoloji nəticələri deyil, həm də iqtisadi dayanıqlılığı, sosial inklüzivliyi və həyat keyfiyyətini müəyyən edəcək:

"Bu kontekstdə strateji ekoloji qiymətləndirmə əsas vasitələrdən biridir. Bunlar təkcə Ekologiya üzrə nazirliklərin işi deyil. Bunlar "sadəcə bir prosedur" da deyil. Bunlar bizim həyatımızdır. Nəticədə bu suyu içəcək, bu havanı udacaq olan bizim uşaqlarımızdır".