İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

Digər ölkələr
  • 17 oktyabr, 2026
  • 19:08
İraq regional enerji və nəqliyyat şəbəkələrinin birləşdirilməsini təklif edib

İraqın Baş naziri Əli əz-Zeydi region ölkələrinin enerji, nəqliyyat və kommunikasiya şəbəkələrinin birləşdirilməsi təşəbbüsü ilə çıxış edib.

"Report" İNA agentliyinə istinadən xəbər verir ki, hökumət başçısı bu təklifi Bağdadda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının iclasının açılışında səsləndirib.

Onun sözlərinə görə, təşəbbüs rəqəmsal ödəniş sistemlərinin və ticarət platformalarının inkişafını, eləcə də sənaye zonalarının inteqrasiyasını nəzərdə tutur.

Baş nazir qeyd edib ki, İraqın təklifi regionda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə, rifahın təmin olunmasına, həmçinin ölkələrin böhranlara və yeni çağırışlara qarşı dayanıqlığının artırılmasına yönəlib.

"Regionun üzləşdiyi böhranlar xalqlarımızın maraqlarını qorumaq, islam dünyasının ümumi məqsədlərinə nail olmaq və gələcək nəsillərin gələcəyini təmin etmək üçün birgə səylərimizi gücləndirməyimizi tələb edir", – deyə o vurğulayıb.

Əli əz-Zeydi, həmçinin azad ticarətin təmin edilməsinə, ticarət marşrutlarının təhlükəsizliyinin qorunmasına və beynəlxalq dəhlizlər boyunca nəqliyyatın maneəsiz hərəkətinə çağırıb.