BMT: Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsi digər ölkələr üçün faydalı ola bilər
- 02 sentyabr, 2026
- 11:05
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın minatəmizləmə sahəsindəki təcrübəsi digər ölkələr üçün faydalı ola bilər.
"Report" xəbər verir ki, bunu Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı rezident-nümayəndəsi Muhammad Nasar Hayat "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda IV Beynəlxalq Minatəmizləmə Konfransında BMT-nin ölkədəki əlaqələndiricisi adından çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qazandığı təcrübə, milli investisiyalar, innovasiyaların tətbiqi və əldə edilmiş praktiki biliklər minalardan və müharibənin partlayıcı qalıqlarından zərər çəkmiş ölkələrə, o cümlədən Ukrayna, Əfqanıstan, Kamboca, İraq, Suriya, Yəmən və Myanmaya əhəmiyyətli dəstək göstərə bilər.
O vurğulayıb ki, BMT minatəmizləmə fəaliyyəti sahəsində zəngin beynəlxalq təcrübəyə malikdir və bu təcrübə mübadiləsi vasitəsilə Azərbaycana dəstək göstərməyə hazırdır.
"BMT əhəmiyyətli beynəlxalq təcrübə toplayıb və onu Azərbaycanla bölüşməyə hazırdır. Bu təcrübə minatəmizləmə fəaliyyəti, partlayıcı əşyalar aşkar edildikdə davranış qaydaları barədə əhalinin məlumatlandırılması, zərərçəkənlərə yardım göstərilməsi və milli təsisatların gücləndirilməsi sahəsində onilliklər ərzində görülən işlərə əsaslanır", - o bildirib.
N.Hayat vurğulayıb ki, bilik mübadiləsi Azərbaycanın gələcək tərəqqisinə və eyni zamanda onun təcrübəsinin beynəlxalq ictimaiyyət arasında yayılmasına töhfə verməlidir.
"Dünya təcrübəsi daim göstərir ki, səmərəli minatəmizləmə fəaliyyəti yerli, milli və beynəlxalq maraqlı tərəflər arasında möhkəm tərəfdaşlıqdan asılıdır", - BMT nümayəndəsi qeyd edib.
O əlavə edib ki, minatəmizləmə fəaliyyəti təhlükəsizliyə, bərpaya və zərərçəkmiş icmaların ümidlərinin dirçəlməsinə aparan yoldur: "O, əminliyi bərpa edir, şəhərlərin bərpası üçün şərait yaradır, etimadı möhkəmləndirir, dayanıqlı inkişafa və uzunmüddətli sülhə töhfə verir".
N.Hayat həmçinin vurğulayıb ki, minatəmizləmə fəaliyyətinə qoyulan sərmayələr sülhə yatırılan sərmayələrdir.